2017-ci ilin martında Mingəçevir Turizm Kolleci ilə Rusiya Federasiyasının Sankt-Peterburq Turizm və Mehmanxana Servisi Kolleci arasında bağlanan əməkdaşlıq müqaviləsinə əsasən, rusiyalı heyət bu günlərdə Mingəçevir Turizm Kollecində işgüzar səfərə gəlmişdi. Sankt-Peterburq Turizm və Mehmanxana Servisi Kollecinin 6 nəfərlik heyəti təhsil müəssisəsi ilə yaxından tanış olmuş, qonaqlara Mingəçevir Turizm Kollecinin fəaliyyəti, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verilmişdi.
   Əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədilə Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubov 12-17 noyabr tarixində Sankt-Peterburq şəhərində səfərdə olub.
   Səfər çərçivəsində kollecin direktoru Svetlana Antonova ilə tədris prosesinin təşkili, tələbələrin təcrübəsi və yekun attestasiyasının keçirilməsi haqqında müzakirələr aparılıb. Bundan əlavə, Ə.Əyyubov “Gənc peşəkarlar” regional açıq çempionatının işgüzar proqramının tədbirlərində iştirak edib.
   Həmçinin Sankt-Peterburq Qonaqpərvərlik İnstitutunun rektoru İ.M.Asanova ilə görüş keçirilib, əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. 
   Səfərin sonunda kolleclər tərəfindən 2018-ci il üzrə perspektiv birgə iş planı hazırlanıb və əməkdaşlığın daha da genişləndirilməsi qərara alınıb.