Ölkəmiz Misirdə beynəlxalq uşaq ədəbiyyatı konfransında təmsil olunub
   
   Misirin paytaxtı Qahirədə Misir Milli Kitabxanası və Arxivlər İdarəsinin nəzdindəki Uşaq Ədəbiyyatı Sənədləşdirilməsi və Araşdırılması Mərkəzində “Əsrlər boyu ərəb dünyasında uşaq ədəbiyyatı” adlı ikinci beynəlxalq konfrans keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə tədbirdə F.Köçərli adına Respublika Uşaq Kitabxanası da iştirak edib. Kitabxana beynəlxalq konfransa “Misir nağılları azərbaycanlı uşaqların gözü ilə” adlı rəsm sərgisi ilə qatılıb.
   Kitabxanadan bildirilib ki, tədbirdə Azərbaycanla yanaşı, İordaniya, Küveyt, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və digər ölkələrin təmsilçiləri iştirak edib.
   Konfrans azərbaycanlı uşaqların Misir nağıllarına çəkdikləri rəsmlərin nümayişi ilə başlayıb. Sərgidə balaca rəssamların 30 nağıl əsasında çəkdikləri 50-dək əl işi təqdim olunub. Sərgi ərəb dünyasının uşaq ədəbiyyatı ilə məşğul olan mütəxəssisləri tərəfindən böyük rəğbətlə qarşılanıb.
   Tədbirdə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərovanın “Misir nağılları azərbaycanlı uşaqların gözü ilə” adlı məruzəsi dinlənilib. Məruzədə dünya ədəbiyyatının xalq nağıllarına xas olan ortaq xüsusiyyətlərindən geniş söhbət açılıb.