Dünyanın azsaylı xalqlarından olan qaqauz türkləri bir çox ölkələrdə - Ukraynada, Bolqarıstanda, Rusiyada, Türkiyədə yaşasalar da, kompakt şəkildə indiki Moldova ərazisində məskunlaşıblar. Moldova Respublikasının Qaqauz Yeri muxtar bölgəsində 130 min qaqauz yaşayır. Qaqauz dili türk dilləri ailəsinin oğuz qrupuna daxil olduğu üçün Azərbaycan dili, Türkiyə türkcəsi, Krım-tatar, türkmən dillərinə çox yaxındır. Yəni ünsiyyət zamanı onları asanlıqla başa düşmək mümkündür. Hazırda qaqauzlar öz dillərini qoruya bilirlərmi və bunun üçün nə kimi işlər görülür? Qaqauz türkü, dilçi alim, şairə Güllü Karanfillə söhbətimiz də bu barədədir. 
   
   - Güllü xanım, öncə özünüzü oxucularımıza tanıdardınız... 
   - Qaqauz Yerinin cənubundakı Ütülü kəndində dünyaya göz açmışam. Həyat yoldaşım Azərbaycanın tanınmış jurnalisti Ağası Hundur. Ali təhsilimi Bakıda almışam. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində türk dili ixtisasını bitirmişəm. Fakültədəki bütün xarici tələbələrdən fərqli olaraq mən Azərbaycan sektorunda oxuyurdum. 1997-ci ildə təhsilimi başa vurduqdan sonra məni işləmək üçün Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutuna dəvət etdilər. 2004-cü ildə qaqauz dilinin məişət texnikası üzrə dissertasiya müdafiə etdim. Ömrümün 10 ili AMEA-nın Türk dilləri şöbəsinə bağlıdır. Bu şöbənin müəllimləri mənim elm sahəsində püxtələşməyimdə böyük rol oynadılar, heç vaxt yardımlarını əsirgəmədilər. Tələbəlik illərimdən məqalə və şeirlər yazırdım. Bakıda yaşadığım müddətdə şeir kitabımı çap etdirdim. Azərbaycan şəhidlərinə həsr etdiyim üç şeirimi də Azərbaycan türkcəsində yazmışam. Azərbaycanda yaşadığım illərdə yazdığım şeirlər daha sonra “Salam gətirdim” toplusuna da daxil edildi. 2007-ci ildə ailəliklə Qaqauz Yerinə köçdük. Burada dil və mədəniyyəti qoruyan, müdafiə edən “Miras” cəmiyyətini qurduq. 
   
   - Dilin, xüsusilə də azsaylı xalqın dilinin kənar təsirdən qorunması o qədər də asan deyil. Bu istiqamətdə hansı fəaliyyətləriniz, layihələriniz var və bu işləri görmək sizin üçün çətin deyil ki?
   - Təvazökarlıqdan uzaq olsa da, deyim ki, bir alim kimi qaqauz dilinin keşiyində duranlardan biri də mənəm. Çeşidli layihələr - yarışmalar, konfranslar düzənləyərək gənc qaqauzları dilimizi danışmağa təşviq edirik. Bu yolla biz həm də çalışırıq ki, onlar öz dillərini sevsinlər. 
   Mənim məqalələrimdə daha çox qaqauz dilinin tarixi, aktual problemləri yer alır. Bununla bağlı Fransa, Almaniya və Türkiyədə 3 kitabım nəşr edilib. Bundan əlavə, hələ Azərbaycanda yaşadığım zamanlarda filologiya elmləri doktoru, professor Məsud Mahmudovla birlikdə Rumıniyada azərbaycanca-rumınca, rumınca-azərbaycanca lüğət nəşr etdirdik. Qaqauz hekayələrini türk dilinə çevirdim və bu kitab Türkiyədə çap olundu. 2010-cu ildən bəri hər il gənclər arasında şeir və hekayə yarışması düzənləyirəm. Bu müsabiqələrin nəticəsi olaraq da “Yeni adlar” adlı iki şeir toplusu çap edildi. 
   
   - Bu fəaliyyətlərin nəticəsi olaraq deyə bilərikmi, qaqauzlar öz mədəni dəyərlərini qoruya bilirlər...
   - Dil millətin, xalqın varlığının əsasını təşkil edir. O sanki açar rolu oynayır. Əgər dil istifadə olunmazsa, milli kimlik də, adət və ənənə də, mədəniyyət də yavaş-yavaş sıradan çıxar. İnsan dilini istifadə edərək kim olduğunu daha yaxşı dərk edir və güclü olur. Amma ana dili öz yerini başqa bir xarici dilə verərsə, hər şey zəifləyər və hər an məhv olmağa doğru gedər. Bunun üçün də öz dilimizi, milli kimliyimizi qorumaq üçün bütün imkanlardan istifadə etməliyik. Bu ilin may ayından başlayaraq qaqauz dili üzrə internetdə dil kurslarına başladım. Qrupda 500 adam var. Dərsləri yazır və onu YouTube-a yükləyirəm. Bunu ona görə edirəm ki, insanlar istədikləri zaman internetdə bu dərsləri dinləyə bilsinlər. Bildiyiniz kimi, Moldovadan başqa dünyanın müxtəlif yerlərində qaqauzlar yaşayır. Onlar da bu dərslərə qatılırlar. Qaqauz dilinin yayılması, təbliği üçün “Ayna” dərgisini də hazırlayıram. Bu dərginin həm qurucusu, həm dizayneri, həm də yazarıyam. Dərgi və daha öncə hazırlayıb yayımladığım “Qaqauz şeiri” antologiyası pulsuz olaraq hər bir qaqauz müəlliminə çatdırılırdı. Hazırda isə hər iki nəşri demək olar ki, bütün kənd və qəsəbə kitabxanalarında tapmaq olar. Bütün bunları etməkdə yeganə məqsədimiz qaqauz dilini yaşatmaq, inkişaf etdirməkdir. 
   
   - Qaqauz Yerində Azərbaycanın tanıtımı, Azərbaycanla əlaqələrin sıxlaşdırılması ilə bağlı da işlər görmüsünüz. Bununla bağlı nə deyə bilərsiniz?
   - Azərbaycanın Moldovadakı səfirliyindən xahiş etdik ki, Komrat Dövlət Universitetində Azərbaycan tədris mərkəzi açılsın. Bu yolla da ali təhsil ocağında Azərbaycandan gələn tələbələrin təhsil almalarını təmin etdik. 2008-ci ildən bəri universitetdə davamlı şəkildə Azərbaycandan gələn tələbələr təhsil alır. Biz onlarla birlikdə hər il Novruz bayramı təşkil edir, Azərbaycanla bağlı tarixi günləri qeyd edir, Xocalının anım mərasimini keçiririk. Bu tədbirlər vasitəsilə həm də qaqauz türklərinə Azərbaycan mədəniyyətini, adət və ənənələrini tanıdırıq. Xocalı faciəsinin 20-ci ildönümündə qaqauz dilində bu faciəni anladan məqalələr və fotoların yer aldığı xüsusi qəzet buraxılışını çap edib payladıq. Komrat kitabxanalarında da bu tanıtım işlərini görürük. Gələcəkdə bu fəaliyyətlərin daha geniş şəkildə aparılmasına çalışacağıq. 
   
   Mehparə Sultanova
   Ankara