Noyabrın 22-də Beynəlxalq Mətbuat Mərkəzində Milli Qəhrəman Tahir Həsənov haqqında çəkilmiş “Vətən övladı” sənədli filminin təqdimatı olub. Film Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Azərbaycan Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi” İctimai Birliyi tərəfindən ekranlaşdırılıb.
   Layihənin rəhbəri ictimai birliyin sədri, Milli Qəhrəman Tahir Həsənovun anası Qalibə Budaqovadır.
   Filmdə Tahir Həsənovun obrazını müğənni Azad Şabanov canlandırıb. Səhnələşdirilmiş hissələr Tahir Həsənovun vaxtilə təhsil aldığı, bu gün onun adını daşıyan 23 nömrəli orta məktəbdə aparılıb. Ekran əsərində Milli Qəhrəman barədə döyüşçü dostları, məktəb yoldaşları və ailə üzvləri xatirələrini bölüşüblər.
   * * *
   Həmin gün Beynəlxalq Mətbuat Mərkəzində “Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi” İctimai Birliyi tərəfindən hazırlanmış “Azərbaycan Bayrağı” ordenli Urfan Vəlizadənin qəhrəmanlığından bəhs edən “Təki Vətən sağ olsun” sənədli filmi də təqdim olunub. Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə reallaşdırılıb.
   Tədbirdə layihənin rəhbəri, ictimai birliyin sədri Şəbnəm Rəfaelqızı çıxış edərək filmin çəkilişlərində göstərdiyi köməyə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd edib ki, filmin çəkilişləri şəhid qəhrəmanımızın xidmət etdiyi hərbi hissədə aparılıb. 
   Sonra sənədli film nümayiş olunub. Filmdə qəhrəmanın həyat yolu, ailə üzvlərinin, dostlarının gənclərimizə örnək olacaq xatirələri əksini tapıb.