Tehranda Mişov Mədəniyyət Mərkəzi tərəfindən nəşr olunan “Mişov dağı” jurnalı 20 ildən çoxdur ki, Azərbaycan (latın əlifbasında) və fars dillərində işıq üzü görür. 
   Nəşrin növbəti nömrələrində Azərbaycan şairləri Məhəmməd Füzuli, Xurşudbanu Natəvan, Məmməd Arazın və türk şairi Nazim Hikmətin həyat və yaradıcılığından, Xocalı, 20 Yanvar faciələrindən, müasir ədəbiyyatın aparıcı nümayəndələrindən söhbət açılır. Eyni zamanda jurnalın təsisçisi və redaktoru Aqşin Ağkəmərlinin xalqımızın başına gətirilən bəlalardan bəhs edən yazısı işıq üzü görüb.
   Nəşrdə dünya şöhrətli alim Lütfi Zadə, akademik Nizami Cəfərov, Əməkdar jurnalist, filologiya elmləri doktoru Aqşin Babayevin “Nazim və Azərbaycan” kitabı barədə yazılar, digər azərbaycanlı yazarların yaradıcılığından nümunələr dərc olunub.