Uşaqlar üçün musiqili-əyləncəli şənlik keçiriləcək 
   
   2018-ci ilin 2-3 yanvar tarixində Heydər Əliyev Sarayında uşaqlar üçün “Yeni il gəlir, xoş gəlir” adlı yeni musiqili-əyləncəli şənlik təşkil ediləcək.
   Sarayın mətbuat xidmətindən bildirilib ki, Yeni ilin ən sevilən personajları olan Şaxta baba və Qar qız interaktiv şənlikdə uşaqlarla ünsiyyətdə olacaq, onları mahnılar, oyunlar, milli və müasir rəqslərlə sevindirəcək və onlarla birgə əylənəcəklər. Bayram proqramının musiqili qonaqları da olacaq. Tanınmış estrada ulduzlarının çıxışları, həmçinin illüzionist və animatorun tədbirdə iştirakı uşaqlara unudulmaz şou bəxş edəcək.
   Rəngarəng səhnə tərtibatı, səhnə geyimləri və bir çox başqa sürprizlərin təqdim olunacağı Yeni il şənliyi uşaqlar üçün maraqlı və yaddaqalan olacaq.