Noyabrın 30-da Dövlət Film Fondunda görkəmli televiziya rejissoru Əmirhüseyn Məcidovun 80 illiyinə həsr edilmiş tədbir keçirilib. 
   Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının dəstəyi ilə reallaşan tədbirdə respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
   Əvvəlcə iştirakçılar foyedə sənətkarın həyat və yaradıcılığından bəhs edən fotosərgi ilə tanış olublar.
   Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birinci katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev və başqaları çıxış edərək rejissorun milli mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışıblar.
   Bildirilib ki, Azərbaycan Televiziyasının sayılıb-seçilən istedadlı rejissorlarından hesab edilən Ə.Məcidov özünəməxsus yaradıcılıq manerası, öz üslubu olan ustad sənətkarlardan idi. 1937-ci il noyabrın 30-da Xızı rayonunun Tudar kəndində dünyaya göz açan rejissor 1967-ci ildən ömrünü televiziyaya bağlayıb. Sənətkar “Evrika”, “Sağlamlıq”, “Odlar diyarı”, “Şimşək”, “Səadət qadınlar klubu”, “Kitab köşkü”, “Yazıçılarımızın yaradıcılığından səhifələr”, “Səhər görüşləri” kimi verilişlərin rejissoru olub. Onun hazırladığı “Klassik irsimizdən” silsilə verilişləri televiziya ekranında ədəbi kökümüzə qayıdışı əks etdirirdi.
   Ə.Məcidov “Tikanlı məftillər”, “Zümrüd quşu”, “Kimin sualı var?”, “Polkovnik Şaber” kimi teletamaşaların rejissoru olaraq da tanınır. Beş kitab müəllifi olan sənətkarın pyesləri respublikamızın müxtəlif teatrlarında tamaşaya qoyulub.