Noyabrın 28-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Bakı Milli Geyim Evinin təlim-tədris mərkəzinin açılışı olub.
   Universitetin rektoru, professor Fərəh Əliyeva çıxış edərək Milli Geyim Evinin fəaliyyətindən danışıb. O, təlim-tədris mərkəzinin açılışını yüksək dəyərləndirərək təhsildə təcrübənin xüsusi rolunu qeyd edib. Bildirib ki, milli geyim növlərinin norma və qaydaları əsasında milli geyim standartlarının hazırlanması təlim-tədris mərkəzinin əsas hədəflərindəndir. 
   Universitetin Dizayn və dekorativ sənət kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Arif Əziz, Bakı Milli Geyim Evinin təsisçisi, rəssam, dizayner-modelyer Könül Vəlibəyli mərkəzin gördüyü işlərdən, həyata keçirilən layihələrdən və gələcək planlardan söz açıblar.
   Vurğulanıb ki, fəaliyyəti 10 ildən artıq dövrü əhatə edən Bakı Milli Geyim Evi Azərbaycan milli geyimlərini hazırlayaraq respublikamızda və onun hüdudlarından kənarda nümayiş etdirir. Tədris mərkəzinin yaradılmasının məqsədi Bakı Milli Geyim Evinin təcrübəsini tələbələrlə paylaşmaq, milli səhnə geyimlərinin hazırlanmasını gənc nəslə öyrətmək, habelə onlara əl işi, kəsim, biçim, tikim və diplom işlərində dəstək olmaqdır.
   Mərkəzə dizayn və moda ixtisası üzrə tələbələr cəlb olunub. Digər ölkələrlə tələbə mübadiləsi də aparılacaq.