Noyabrın 28-də İsmayıllı rayon Mədəniyyət evində Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Aşıqlar Birliyi və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şirvan aşıq mühitinin tanınmış nümayəndəsi, Əməkdar mədəniyyət işçisi Yanvar Bədəlovun 75 illik yubileyi qeyd olunub. 
   Əməkdar mədəniyyət işçisi, folklorşünas alim Elxan Məmmədlinin aparıcılığı ilə keçən tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov yubilyara təbriklərini çatdırıb, onun İsmayıllıda aşıq sənətinin inkişafında böyük əmək sərf etdiyini, gənclərin bu sənətə gəlməsində mühüm rol oynadığını deyib.
   Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı ustad aşığı təbrik edərək onun sənətdə xidmətlərindən söz açıb. Filologiya elmlər doktoru, professor Seyfəddin Qəniyev və digər çıxış edənlər də aşığın keçdiyi sənət yolundan danışaraq ona uzun və sağlam ömür, sənət naminə yorulmaz fəaliyyətində uğurlar arzulayıblar. 
   Çıxışlardan sonra səhnə İsmayıllı rayonunun musiqiçilərinin və aşığın sənət dostlarının ixtiyarına verilib. Musiqi töhfələri ilə yubilyarı təbrik edən əməkdar mədəniyyət işçiləri Ağamurad İsrafilov, Samirə Əliyeva, habelə Rasim Ələsgərov, Altay Məmmədli, Əli Tapdıqoğlu, Abbas Musaxanoğlu, Babək Şakirli, Elman Mehdiyev, Sahibə Abdullayeva və Ağapaşa Xəlilovun, Qobustan rayon Musiqi məktəbi saz sinfinin şagirdlərinin və digər sənətçilərin ifaları tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.