Bilik Fondunda “Mədəni maarifləndirmə” proqramı çərçivəsində Xalq rəssamı Mirəli Mirqasımova həsr olunan "Daşla danışan adam" sənədli filminin təqdimatı olub. Ekran əsəri “Aranfilm”də Nicat Qafuroğlunun ssenarisi və rejissorluğu ilə çəkilib.
   Fondun icraçı direktoru Oktay Səmədov gənclərin estetik zövqünün cilalanmasında, dünyagörüşünün inkişafında filmlərin xüsusi əhəmiyyətini vurğulayıb. “Aranfilm”in direktoru Tahir Tahirli Bilik Fonduna mədəniyyət və incəsənətə göstərilən diqqətə görə təşəkkürünü bildirib. 
   Filmin nümayişindən sonra yaradıcı heyətlə tamaşaçıların müzakirəsi olub, tələbələrin film haqqında sualları cavablandırılıb. 
   Tədbirdə Bilik Fondunun “Gənc jurnalistlər”, “Tariximizi öyrənək və öyrədək” klublarının üzvləri, ADPU-nun nəzdindəki Pedaqoji Kollecin tələbələri, “Asan Xidmət”in könüllüləri iştirak ediblər. 
   Sənədli filmin qəhrəmanı Mirəli Mirqasımovun xüsusilə monumental heykəltəraşlıq janrında yüksək bədii dəyərli əsərləri var. O, 1974-cü ildə Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərində ucaldılmış tunc abidəsinin müəllifidir. Yazıçı-dramaturq Cəfər Cabbarlının heykəli müəllifin 23 ilini alıb. Bu, Azərbaycanda yeganə heykəldir ki, bütöv, sal daşdan ibarətdir. Altı metr yarım hündürlükdə olan heykəlin daşı Ukraynadan gətirilib. Daşı karxanadan səkkiz tank çıxarıb. Bu maraqlı hekayəni filmdə heykəltəraşın həyat yoldaşı nəql edir.