Dekabrın 5-də Azərbaycan Rəssamlar İttifaqının (ARİ) Vəcihə Səmədova adına sərgi salonunda tanınmış rəssam, heykəltəraş Rafiq Quliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Mən azərbaycanlıyam” adlı fərdi sərgisinin açılışı oldu. 
   Tədbiri giriş sözüylə ARİ-nin katibi, Xalq rəssamı Ağəli İbrahimov açaraq rəssamın həyat və yaradıcılığı haqqında danışdı. Bildirdi ki, Rafiq Quliyev Cəbrayıl rayonunun Quycaq kəndində anadan olub. İxtisas təhsilini öncə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, sonra isə indiki Mədəniyyət və İncəsənət Universitetində alıb. Əmək fəaliyyətinə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzində başlayıb, hazırda burada Elmi araşdırmalar şöbəsinin müdiri vəzifəsində çalışır. 
   Mədəniyyət və Turizm Nazirliyinin Dekorativ və tətbiqi sənət sektorunun müdiri Qalib Qasımov çıxışında Rafiq Quliyevin həm rəssam, həm də mədəniyyət sahəsində çalışan şəxs kimi keyfiyyətlərindən bəhs etdi. 
   Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev rəssamın kollektivdəki fəaliyyətini və yaradıcılığını yüksək dəyərləndirdi. 
   ARİ-nin məsul katibi Rafiq Kərimov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Arif Fərzəliyev, professorlar Asif Rüstəmli, Vidadi Xəlilov və başqaları rəssam haqqında ürək sözlərini söylədilər, onu sərgi münasibətilə təbrik etdilər. 
   Sonda çıxış edən rəssam tədbirə gələn hər kəsə minnətdarlığını ifadə etdi. 
   Sərginin açılışından sonra iştirakçılar əsərlərlə tanış oldular. Ekspozisiyada rəssamın müxtəlif janrlarda yağlı boya ilə çəkdiyi 80-ə yaxın əsəri nümayiş olunur. 
   Qeyd edək ki, R.Quliyev Azərbaycan təsviri sənətinin tədqiqinə həsr olunmuş dörd kitabın müəllifidir. O, həm də heykəltəraşdır. Qarabağ müharibəsi şəhidlərinin, Milli Qəhrəmanlarımızın büstlərini hazırlayıb. Rəngkarlıq, qrafika, dekorativ-tətbiqi sənət və heykəltəraşlıq əsərləri beynəlxalq sərgilərdə nümayiş etdirilən rəssam bir sıra festivalların laureatı adına və mükafatlara layiq görülüb. 
   
   S.Qaliboğlu