Moldovanın paytaxtı Kişineuda 18 ölkənin iştirakı və UNESCO-nun təşkilatçılığı ilə beynəlxalq mahnı, rəqs və model yarışı və istedadlı ulduzların festivalı keçirilib.
   Azərbaycanın Moldovadakı səfirliyindən bildiriblər ki, festivalda ölkəmizi Hüseyn İmanov təmsil edib. O, Moldova Respublikasının məşhur bəstəkarı İon Aldea Teodoroviçin “Xalqın suverenliyi” mahnısını ifa edib və birinci yeri tutub.
   Təmsilçimiz Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov tərəfindən qəbul edilib. Diplomat ifaçının tədbir təəssüratları ilə maraqlanıb və ona gələcək işlərində uğurlar arzulayıb. 
   Hüseyn İmanov 6 yaşından səhnədədir, Rusiyanın və beynəlxalq müsabiqələrin laureatıdır. Moskvada Qnesinlər adına Musiqi Kollecində təhsil alan soydaşımız Kremlin hərbi orkestrinin ifaçısı olub, cavan ifaçı olmasına baxmayaraq, Rusiyanın estrada ifaçıları ilə eyni səhnəni bölüşüb.