Festivala Almaniya, Türkiyə, Gürcüstan, Qazaxıstan və Azərbaycandan musiqiçilər qatılıb
   
   Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Höte İnstitutu Bakı Mərkəzinin direktoru Alfons Huq və İnstitutun Gürcüstan Mərkəzinin direktoru Barbara fon Münxhausen ilə görüşüb.
   Görüşdə əməkdaşlıq məsələləri, birgə layihələr, o cümlədən 5-14 dekabr tarixində Höte İnstitutunun təşəbbüsü ilə Bakıda keçiriləcək “İpək Yolu” festivalı barədə danışılıb. Bildirilib ki, festival çərçivəsində Almaniya, Türkiyə, Gürcüstan, Qazaxıstan və Azərbaycandan tanınmış musiqiçilərin iştirakı ilə caz konsertləri, musiqi seminarları, sərgi təşkil olunacaq. Vurğulanıb ki, tədbirə qatılan incəsənət xadimlərinin təmsil etdikləri ölkələr tarixi İpək Yolunun bir hissəsini təşkil edir. 
   Öz növbəsində nazir müavini Sevda Məmmədəliyeva almanların Cənubi Qafqaza gəlişinin 200 illiyi münasibətilə bu günlərdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin UNESCO yanında daimi nümayəndəliyinin təşkilatçılığı, Gürcüstan və Almaniya nümayəndələrinin iştirakı ilə Parisdə, UNESCO-nun qərargahında keçirilən tədbirlər barədə qonaqlara məlumat verib.