Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva və Almaniyanın ölkəmizdəki səfiri Mixael Kindsqrab almanların Azərbaycana köçürülməsinin 200 illiyi ilə bağlı Göygöldə görülmüş işlərlə tanış olmaq üçün rayona səfər ediblər.
   Səfər çərçivəsində keçirilən tədbirlərdə rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov, Milli Məclisin deputatı Rövşən Rzayev, ictimaiyyət nümayəndələri iştirak ediblər.
   Qonaqlar əvvəlcə rayon mərkəzindəki alman lüteran kilsəsində (kirxa) olublar.
   Məlumat verilib ki, 1854-cü ildə alman icması tərəfindən inşa edilən Helenendorf (Göygöl) lüteran kilsəsində (kirxa) uzun müddət dini mərasimlər icra edilib. II Dünya müharibəsi zamanı almanların bu yerlərdən köçürülməsindən sonra bina uzun müddət müxtəlif məqsədlər üçün istifadə olunub. Son dövrlərədək isə burada Tarix-diyarşünaslıq muzeyi fəaliyyət göstərib. Muzeydə nümayiş olunan tarixi eksponatlar, xüsusilə vaxtilə almanlar tərəfindən istifadə edilən məişət əşyaları, geyim nümunələri və tarixi fotolar buranı ziyarət edənlərdə böyük maraq yaradır.
   Sonra qonaqlar Göygöldə yaşamış sonuncu alman Viktor Klaynın evinə gəliblər. Bildirilib ki, Viktor Klayn 1935-ci ildə Helenendorfda anadan olub və 2007-ci ildə burada vəfat edib. Ata-babalarından miras qalmış evi və məişət əşyalarını satın almaq istəyənlər olsa da, o, heç nəyi satmayıb. Hazırda həmin əşyalar alman irsi nümunəsi olaraq qorunur. Mənzil təmir olunduqdan sonra ev-muzeyi və mədəniyyət mərkəzi kimi fəaliyyət göstərəcək. Bu məkan həmçinin rayonun turizm marşrutuna salınacaq və qeydiyyata alınmış bütün əşyalar muzeyin eksponatları kimi nümayiş etdiriləcək.
   Vurğulanıb ki, muzey mədəni mərkəz kimi Azərbaycan-Almaniya dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinə və ölkəmizdəki multikultural mədəni mühitin inkişafına öz töhfəsini verəcək.
   Daha sonra qonaqlar alman iş adamına məxsus malikanədə yeni yaradılan Göygöl Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olublar. Məlumat verilib ki, yeni muzeydə almanların Cənubi Qafqazda, eləcə də Azərbaycan ərazisində məskunlaşmasına aid sənədlər və maraqlı fotolar yer alıb. Muzeydə vaxtilə Göygöldə yaşamış almanların məişətini, adət-ənənələrini əks etdirən eksponatlar da nümayiş etdirilir.
   Burada keçirilən tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək diqqətə çatdırıb ki, Prezident İlham Əliyev 2016-cı il avqustun 30-da “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” sərəncam imzalayıb. Həmin sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində bir sıra tədbirlər davam etdirilir. Noyabrın 23-də UNESCO-da almanların Azərbaycanda məskunlaşmasının 200 illiyinə həsr olunmuş mərasim təşkil olunub.
   Qeyd edilib ki, Göygöl rayonundakı tədbirlərin davamı kimi vaxtilə almanların yaşadığı Şəmkir rayonunda da konfrans keçiriləcək, sərgi açılacaq.
   Sonra rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov Göygöldə alman maddi-mədəni irsinin qorunması və təbliği istiqamətində görülmüş işlər barədə məlumat verib.
   Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab çıxış edərək bildirib ki, bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olur. Eyni zamanda alman mühacirlərinin Azərbaycanda məskunlaşmasının 200 illiyi qeyd edilir. Səfir Göygöldə yeni Tarix-diyarşünaslıq muzeyinin yaradılmasını yüksək qiymətləndirib. Vurğulanıb ki, Azərbaycanın hər yerində, xüsusən də Göygöl və Şəmkir rayonlarında qorunub saxlanılan alman maddi irsi hər iki xalqın gələcəkdə dostluq əlaqələrinin inkişafı baxımından möhkəm bünövrədir.
   Tədbir Göygöl məktəblilərinin hər iki xalqın dilində səsləndirdiyi musiqilərlə davam edib.