Gəncədə Mədəniyyət və Turizm Nazirliyi və şəhər İcra Hakimiyyəti tərəfindən MDB-nin iştirakçı dövlətlərinin kitabxana mütəxəssislərinin iştirakı ilə konfrans keçirilib. Gəncə 2017-ci ildə MDB-nin İcraiyyə Komitəsi tərəfindən “MDB-nin mədəniyyət paytaxtı” elan edilib. Şəhərdə “Xalqların qədim irsinin qorunması və təbliğində kitabların rolu” mövzulu elmi-praktik konfrans bu layihə çərçivəsində təşkil olunub.
   Konfrans iştirakçılarını və qonaqları salamlan şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva Gəncənin tarixi, mədəniyyəti haqqında məlumat verib.
   MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun müşaviri Kamol Raximov diqqətə çatdırıb ki, “Gəncə - MDB-nin Mədəniyyət paytaxtı - 2017” layihəsi çərçivəsində bir çox tədbirlər keçirilib.
   Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədova konfrans iştirakçılarını nazirliyin rəhbərliyi adından salamlayıb.
   Vurğulanıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev mədəniyyət sahəsinə və kitabxanalara çox böyük diqqət və həssaslıqla yanaşırdı. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısı 2004-2008-ci illərdə kitabxana-informasiya sahəsinə dair 5 sərəncam imzalayıb.
   Sektor müdiri şəhər İcra Hakimiyyətinə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr olunan “Prezident İlham Əliyev və mədəniyyət (2008-2013)” ikicildlik toplunu hədiyyə edib.
   Plenar iclasda Rusiya nümayəndə heyətinin başçısı, Avrasiya Kitabxana Assambleyasının baş direktoru Qalina Raykova qeyd edib ki, Rusiya Dövlət Kitabxanasının fəaliyyətinin prioritet istiqamətlərindən biri çoxmilyonlu fondlarda saxlanılan kitabların elektron formaya köçürülməsidir. Belarus nümayəndə heyətinin başçısı Yelena Dolqopolova ölkənin mədəni irsinin qorunmasında Belarus Milli Kitabxanasının fəaliyyətindən bəhs edib. Həmçinin, Tacikistan Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının direktoru Şodimuhammad Sufiyev, Qazaxıstan Milli Kitabxanasının direktor müavini Bakıtjamal Ospanova, B.N.Yeltsin adına Prezident Kitabxanasının şöbə müdiri Stanislav Alekseyev və başqaları çıxış ediblər.
   Sonra konfrans işini seksiyalarda davam etdirib. “Azərbaycanda multikulturalizm: tarixi təcrübə və müasirlik” və “Mədəni irsin təbliği və qorunması məqsədi ilə keçirilən kreativ və innovasiyalı layihələr” adlı seksiyalarda nazirliyin sektor müdiri Lətifə Məmmədova, Gəncə şəhər MKS-nin direktoru Elmira Əliyeva, Gəncə Dövlət Universitetinin dosenti Sevda Əliyeva, Azərbaycan Texnoloji Universitetinin müəllimi Leyla Vəkilova, Qırğızıstan Milli Kitabxanasının direktor müavini Gulnara Baytakova, Özbəkistan Milli Kitabxanasının elmi katibi Kabuldijon Tursunov və başqaları çıxış edib.
   Lətifə Məmmədova çıxışında qeyd edib ki, tarix boyu kitab əvəzolunmaz sərvət olub. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin uzaqgörənliklə dediyi sözlər öz aktuallığını heç vaxt itirməyəcək: “Xalq özünün zəfərləri və işləri ilə məşhurlaşır, lakin bu zəfərlərin, bu işlərin ən əhəmiyyətlisi mədəniyyətdir”. 
   Konfrans iştirakçılarının diqqətinə çatdırılıb ki, Azərbaycanın dilbər guşəsi olan Qarabağ 25 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. İşğal nəticəsində qiymətli mədəni sərvətlərimiz (o cümlədən 927 kitabxana və onların fondu) məhv edilib.
   Tədbirdə MDB-nin Humanitar Əməkdaşlıq Fonduna Mədəniyyət və Turizm Nazirliyinin layihələri ilə nəşr olunan kitablar hədiyyə edilib. Həmçinin MDB Humanitar Əməkdaşlıq Fondu adından Gəncə şəhər MKS-yə və Heydər Əliyev Mərkəzinin kitabxanasına kitablar hədiyyə olunub.