Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində “Artistic Research Knowledge Network Eurasia” (“Avrasiya Bədii Tədqiqat Bilik Şəbəkəsi”) beynəlxalq layihə çərçivəsində konsert keçirilib.
   Konsertdə Norveçin Bergen Universitetinin nəzdindəki E.Qriq adına Musiqi Akademiyasının və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) tələbələri geniş proqramla çıxış etdilər.
   Tədbirdə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Şeyla Heydərova Mstislav Rostropoviçin mükafatları, xüsusilə 1995-ci ildə İsveçdə aldığı “Qütb ulduzu”, Bakıda verdiyi konsertlər barədə danışıb.
   Muzeylə yaxından tanış olan qonaqlara rejissor Azər Əliyevin maestronun 70 illiyinə və Bakıda yubiley yığıncaqlarına həsr olunmuş “Bizdə hər şey var” adlı sənədli filmindən fraqmentlər təqdim olunub.
   Konsert proqramında Azərbaycan və Norveç bəstəkarlarının əsərləri səsləndirilib.
   Sonra layihənin koordinatoru Dagfinn Bach çıxış edərək konsertin təşkilatçılarına, ev-muzeyinə minnətdarlığını bildirib. O deyib: “Universitetdə işlədiyim cəmi iki ildir, amma bilirəm ki, Bergen Universiteti ilə Bakı Musiqi Akademiyası arasında əlaqələr var. Bakıdan çox tələbələr bizim universiteti bitirib. Bergen Universiteti Tbilisi və Almatı konservatoriyaları ilə yeni bir layihəyə başlayıb. Bu layihə 3 il davam edəcək, gələn il Bakıdan 2 tələbə bir semestrlik Bergen Universitetinə, eyni zamanda bizdən də tələbələr 2-3 həftəlik Bakıya göndəriləcək. Həmçinin biz Almatı, Tbilisi və Bakıda “Artistic research və workshop” adlı ustad dərsi keçirməyə hazırlaşırıq. Bu layihə 26 aydır gedir və daha 10 ay da davam edəcək. Onu da qeyd etmək lazımdır ki, BMA-nın tələbləri Azərbaycanı Norveçdə çox gözəl təmsil ediblər. Ümid edirik ki, bu davamlı olacaq”.
   Tədbirdə qonaq qismində BMA-nın müəllim və tələbə heyəti, Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin, paytaxt muzeylərinin nümayəndələri iştirak ediblər.