Festival müddətində ümumilikdə 34 milyon manata yaxın alış-veriş həyata keçirilib
   
   Bu payız Bakıda keçirilən əlamətdar tədbirlərin sırasına daha biri əlavə olundu. Şəhərimizi dünyanın qabaqcıl alış-veriş mərkəzlərindən birinə çevirmək məqsədilə oktyabrın 15-dən noyabrın 15-dək ikinci Bakı Şopinq Festivalı keçirildi. 
   MDB məkanında irimiqyaslı unikal tədbirlər sırasında yer alan ticarət festivalı Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixi fərmanı ilə təsdiq olunmuş turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsinə uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu tərəfindən təşkil olunub.
   Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi ilə həyata keçirilən layihəyə Vergilər Nazirliyi, Azərbaycan Hava Yolları (AZAL), Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) və AzərTürkBank rəsmi tərəfdaş olaraq dəstək verib. Festival yerli sahibkarlığın inkişafı, ticarət və turizmə əlavə sərmayələrin cəlb edilməsi baxımından effektiv olmaqla yanaşı, Azərbaycan vətəndaşlarının da xarici turistlərə şamil olunan ƏDV qaytarılması sistemindən yararlanmasına şərait yaradıb. Qeyd edək ki, bu praktikaya dünyanın heç bir ölkəsində rast gəlinmir. 
   Bir ay müddətində müştərilər dünya brendlərinə məxsus məhsulları Bakıda yerləşən 400-dən çox mağazadan xüsusi kampaniya və endirimlərlə əldə edə biliblər. Həmin mallara ƏDV qaytarılması (“Tax Free”) imkanı təqdim olunub. 
   Festival zamanı interaktiv oyunlar, moda nümayişləri və digər müxtəlif əyləncə xarakterli tədbirlər təşkil olunub. 
   Ümumilikdə tədbir bu ilin 10 aprel - 10 may tarixlərində keçirilən ilk Şopinq festivalı ilə müqayisədə müxtəlif yeniliklərlə yadda qalıb. “Şopomaniya”, “Uğur çarxı” oyunları, “Festival sürprizləri” ani lotereyası və digər həvəsləndirici tədbirlər təşkil edilib. 100-ə yaxın mağazanın dəstək verdiyi lotereyada 80 000 ədəd alıcı “poz-qazan” formatında lotereya bileti əldə edib. 20 500 ədəd hədiyyədən ibarət uduş sahiblərini tapıb. Bütün bunlar isə yekunda festival dövründə ticarət dövriyyəsinin artmasına təkan verib.
   Festival üçün turizm sektorunda ilk dəfə olaraq AZAL və mehmanxanalar ilə tur-paketlər yaradılıb. İştirakçı mağazalar aktiv şəkildə marketinq və satış kampaniyalarına qoşulub. Təklif olunan endirim və satış kampaniyaları böyük alıcı kütləsi tərəfindən müsbət qarşılanıb.
   Tədbir eyni zamanda Azərbaycanın mədəni-tarixi irsi və ölkəmizin potensialının dünyaya təbliğ edilməsinə, Bakı və ölkəmizin digər bölgələrinin turizm imicinin güclənməsinə xidmət edib. İlkin nəticələri göstərir ki, ikinci Bakı Şopinq Festivalı ötən festivalda olduğu kimi uğurlu alınıb. Belə ki, oktyabr ayı ərzində Azərbaycana 204686 turist gəlib. Bu, keçən ilin müvafiq dövrünə nisbətən 13 % artım deməkdir. 
   Festival müddətində 643 mağaza iştirakçı kimi qeydiyyatdan keçib və onlardan 493-ü ƏDV qaytarma proqramına qoşulub. “Tax Free” sistemi çərçivəsində 48422 ədəd hesab-faktura təsdiqlənib. Ümumi dövriyyə 33 milyon 826 min 864 manat olub və banklar alıcılara 3 milyon 366 min 702 manat ƏDV qaytarıblar.
   Alıcılar Bakı Şopinq Festivalında 10%-dən 70%-dək endirimlərdən faydalanıblar. Həmçinin ümumi alış məbləğinin 10.2% həcmində əlavə ƏDV qaytarılmasından istifadə ediblər. Ümumilikdə Bakı Şopinq Festivalı zamanı ticarət mərkəzlərinə gələn insanların sayı keçən ilin analoji dövrünə nisbətən 12% artıb.