Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Aqromarketinq” və “Tikinti sahəsinin marketinqi” mövzularında açıq dərs təşkil olunub.
   Açıq dərsin təşkil olunmasında məqsəd tələbələrin marketinq sahəsində innovasiyaların tətbiqi və öyrənilməsinə, o cümlədən layihə hazırlama və təqdimetmə vərdişlərinə istiqamətləndirməkdir. Mövzulara uyğun olaraq tələbələr qrup şəklində marketinq layihələri hazırlayıb ekspertlərə təqdim ediblər. 
   Açıq dərsdə ATMU-nun rektoru İlham Mədətov, ekspert qismində “Aselsan Bakı” şirkətinin icraçı direktoru Serhat Erdemir, “AGT inşaat”ın icraçı direktor müavini Selim Akbay, “STP” şirkətinin baş məsləhətçisi Bilgi İşıkkent, “AKC” tikinti şirkətinin direktoru Aslan İsmayılov, İqtisadiyyat Nazirliyinin əməkdaşı Məlahət Kazımova, “Gilan Holding” şirkətinin marketinq meneceri Mehdi Qarayev və digər şəxslər iştirak edib.
   Rektor İlham Mədətov təhsillə yanaşı, iş təcrübəsinin də prioritet vəzifə olduğunu diqqətinə çatdıraraq ixtisas kurrikulumlarına uyğun bir semestr nəzərdə tutulan təcrübə müddətinin tədris boyu təşkilinin daha faydalı olacağını vurğulayıb. 
   Marketinq kafedrasının müdiri Anar Eminov isə ATMU-da aktuallıq baxımından məhz tikinti və qida sahəsinin marketinq idarəedilməsi üzrə keçirilən açıq dərsin iştirakçılar üçün əhəmiyyətli olacağını deyib. 
   Ekspertlərin iştirakı ilə mövcud layihələrin tətbiqi perspektivləri müzakirə edilib və tələbələrə təqdimatların təkmilləşdirilməsi üçün məsləhətlər verilib.
   
   Fariz Hüseynov