Fransanın Kann şəhərində 2-ci “Art Shopping-Cote d’Azur” beynəlxalq müasir incəsənət sərgisində azərbaycanlı rəssamların əsərləri də təqdim olunur. Onların əsərləri mövzularına, milli motivlərinə və rəng seçiminə görə böyük maraqla qarşılanır.
   Əsmər Nərimanbəyovanın sərgidə təşkil edilən stendində onun əl işləri ilə bərabər Esmira Güləhmədova, Cəmalə Rəhmanlı, Fidan Zaman, Aysel Bədəlova və Səriyyə Əhmədovanın əsərləri də yer alıb. 
   Görkəmli Azərbaycan rəssamı Toğrul Nərimanbəyov və tanınmış heykəltəraş Elmira Hüseynovanın ailəsində dünyaya göz açmış Əsmər Nərimanbəyova rənglər dünyasında böyüyüb və ailədəki yaradıcı mühit onun əsərlərinə təsirsiz ötüşməyib. Əməkdar rəssamın əsərləri dünyanın müxtəlif ölkələrində sərgilənib.
   Sərgidə istedadlı gənc rəssam Məryəm Ələkbərlinin əsərləri də ziyarətçilərin diqqətini cəlb edib. O, Bakı və Moskvada, daha sonra isə Parisdə incəsənət sahəsində təhsil alıb. Əsərlərində parlaq rənglərə daha çox yer verən Məryəm Ələkbərli həyat duyğularını rənglər dünyasına çevirərək yaratdığı tablolarda əks etdirir. 
   “Art Shopping”in satış üzrə direktoru Stefan de Boysson bildirib ki, istedadlı rəssamın ilk əsəri ötən il satılıb. Həmin vaxtdan onun 23 əsəri kolleksiyaçılar tərəfindən alınıb. Məryəmin son əsəri məşhur aktyor Jerar Depardyenin şəxsi kolleksiyasına daxil olub. Ötən ay rəssamın "Rosemarie çimərliyi" əsəri Paris yaxınlığındakı Bulon-Bilankur şəhərində "Beaux-Arts" Cəmiyyətinin payız sərgisində ən yaxşı əl işi elan edilərək mükafata layiq görülüb.