Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında görkəmli bəstəkar, Xalq artisti Cövdət Hacıyevin 100 illiyinə həsr olunmuş pianoçuların IV Respublika elmi-ifaçılıq müsabiqəsi keçirilir.
   Dekabrın 4-də başlanan müsabiqəyə Azərbaycanın 12 şəhər və rayonundan 60-a yaxın iştirakçı qatılıb. BMA və onun eksperimental məktəb-studiyasının yaradıcısı və direktoru, professor Tərlan Seyidovun müəllif layihəsi əsasında keçirilən müsabiqənin özəlliyi ondan ibarətdir ki, iştirakçılar fortepianoda ifa etdikləri əsərlər haqqında məruzə edirlər.
   Elmi-ifaçılıq müsabiqəsinin əsas məqsədi görkəmli bəstəkarın yaradıcılığının dərindən öyrənilməsi vasitəsilə təbliği, müasir musiqi mədəniyyətinin tələblərinə cavab verən professional musiqiçilərin hərtərəfli inkişafının təmin edilməsidir.
   İştirakçıların çıxışlarını BMA-nın rektoru, SSRİ-nin və Azərbaycanın Xalq artisti Fərhad Bədəlbəylinin rəhbərlik etdiyi münsiflər heyəti qiymətləndirəcək. Müsabiqə dekabrın 11-i diplomların təqdimatı və laureatların yekun konserti ilə yekunlaşacaq.