Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Azərbaycan filmlərinin nümayişi davam etdirilir. Mərkəzdə tarixi-vətənpərvərlik mövzusunda çəkilmiş “Cavad xan” filmi göstərilib. Sabir Rüstəmxanlının “Ölüm zirvəsi” romanının motivləri əsasında rejissor Rövşən Almuradlının çəkdiyi film maraqla qarşılanıb.
   * * *
   Quba rayon Yeni Güləzi kənd Folklor klubu və kitabxanasının, Aşağı Atuc kənd klubunun birgə təşkilatçılığı ilə N saylı hərbi hissədə konsert və kitab sərgisi keçirilib. Tədbirdə hər iki klubun özfəaliyyət dərnəyinin, “Şahdağ” ansamblı üzvlərinin vətənpərvərlik ruhlu ifaları təqdim olunub.
   * * *
   Qusar rayon Ləcət kənd kitabxana filialında Mirzə Ələkbər Sabirin 155 illiyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib. Kitabxana işçiləri Solmaz Bağışova və Bikə Mahmudovanın iştirakı ilə fəal oxucular şairin əsərlərindən nümunələr söyləyiblər. Məktəb müəllimləri şairin həyat və yaradıcılığı haqqında məlumat veriblər.
   * * *
   Samux rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 2016-cı ilin Aprel döyüşlərinin şəhidi Fərman Əsədlinin həyat yolundan bəhs edən “26 gün” adlı kitabın təqdimatı olub. Mərkəzin direktoru Aygün Həsənzadə Aprel döyüşlərinin əhəmiyyətindən, Fərman Əsədlinin qəhrəmanlığından bəhs edib. Müəllif Gülnarə Sadiq roman haqqında məlumat verib.