Ağstafa şəhər Heydər Əliyev Mərkəzində Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə “Sazımızın qüdrəti, sözümüzün hikməti” adlı geniş konsert keçirilib.
   Dekabrın 2-də gerçəkləşən konsertdə Ağstafa, Qazax və Tovuz rayonlarının aşıqlarından ibarət "İncəgülü" aşıqlar ansamblı ilə Gürcüstanın Marneuli rayonundan aşıqlar iştirak edib.
   Tədbir iştirakçıları öncə Heydər Əliyev Mərkəzinin önündə ulu öndərin abidəsini ziyarət ediblər. Mərkəzin həyətində sərgilərə baxış keçirilib, balaca aşıqlar kollektivinin çıxışı dinlənilib.
   Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev açaraq bildirib ki, aşıq sənəti Azərbaycan xalq ədəbiyyatının və mədəniyyətimizin qədim tarixə malik qollarından biridir. O, ağstafalıların həmişə aşıq sənətinə böyük dəyər verdiyini və rayonda saz heykəlinin qoyulduğunu deyib.
   Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Ramiz Quliyev çıxışında aşıq sənətinin inkişaf etdirilməsi məqsədilə idarə tərəfindən görülən işlər, bu ilin iyulunda Qazax rayonunda Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü mərhum aşıq Ədalət Nəsibova, noyabr ayında Gürcüstanın Marneuli rayonunda Borçalı aşıqları ilə birlikdə Əməkdar mədəniyyət işçisi, Gürcüstanın “Şərəf” ordeni ilə təltif olunmuş ustad aşıq Kamandar Əfəndiyevin 85 illik yubileyinə həsr olunmuş tədbirlər barədə məlumat verib. 
   Sonra aşıqların geniş konsert proqramı təqdim olunub.