Dekabrın 6-da Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycanın dünya şöhrətli sənətkarı, müğənni, bəstəkar Müslüm Maqomayevin 75 illiyinə həsr edilmiş tədbir keçirilib.
   Əvvəlcə qonaqlar Heydər Əliyev Mərkəzinin Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə hədiyyə etdiyi “Müslüm Maqomayev-75” fotosərgisinə baxıblar. 
   Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova və muzeyin şöbə müdiri Xanım Abdinova görkəmli müğənninin həyat və yaradıcılığından söz açıblar. Qeyd edilib ki, dünya şöhrətli opera və estrada müğənnisi, SSRİ Xalq artisti Müslüm Maqomayevin yubileyinin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı iyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb. 
   Çıxışlar M.Maqomayevin ömür yolunu əks etdirən videoçarxın nümayişi ilə müşayiət olunub.
   Tədbirdə Bakı Musiqi Akademiyasının tələbələri, respublika və beynəlxalq müsabiqələr laureatları Mahir Tağızadə, Hidayət Əliyev, BMA-nın konsertmeysterləri Dilarə Kərimova, Liliya İmanova, Azərbaycan Dövlət Musiqili Teatrının solisti Türkel Tarıqpeyma, Fidan Babayevanın ifalarında konsert proqramı təqdim olunub, Maqomayev haqqında sənədli filmlərdən fraqmentlər göstərilib.