Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi Xətai rayon MKS-nin Mərkəzi kitabxanasında görkəmli şair və dramaturq Hüseyn Cavidin 135 illiyinə həsr olunmuş “Nurlu ömrün işığı” başlığı altında tədbir təşkil olunub.
   Tədbirdə şair Kəmaləddin Qədim, 1982-ci ildə H.Cavidin nəşini uzaq Sibirdən vətənə gətirən nümayəndə heyətinin rəhbəri Həmid Cəfərov, filologiya üzrə fəlsəfə doktoru, şair Nizami Muradoğlu, şair-tərcüməçi Giya Paçxataşvili, Cavidşünas alim, şair Tahir Şirvanlı və başqaları iştirak ediblər.
   Kitabxananın baş kitabxanaçısı Gülzadə Quliyeva və qonaqlar ədibin ömür yolundan, yaradıcılığından bəhs ediblər. Məktəblilər şairin şeirlərini söyləyiblər.
   * * *
   Paytaxtın Sabir adına Mərkəzi şəhər kitabxanasında isə böyük şair Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
   Kitabxananın müdiri Gülşən Abbasova, filologiya elmləri doktoru Mahirə Quliyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin elmi işçisi Şəfa Muradova və başqaları çıxış edərək şairin yaradıcılığı haqqında məlumat veriblər.
   Tədbirdə Səməd Vurğunun “Vaqif” dramından səhnələr və Azərbaycanın milli rəqsləri təqdim olunub. Vaqifin yubileyinə həsr olunmuş şeir müsabiqəsində iştirak edən şagirdlərin ifasında şairin şeirləri dinlənilib.