Dekabrın 11-12-də Omanın paytaxtı Məsqət şəhərində II Dünya Turizm və Mədəniyyət Konfransı keçirilib. UNESCO-nun və Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının (DTT) birgə təşkilatçılığı ilə gerçəkləşən konfransa 70-dək ölkədən 700-ə yaxın nümayəndə, o cümlədən nazirlər, nazir müavinləri qatılıb. 
   Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, “İçərişəhər" Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-Mədəni Mərkəzinin direktoru Cavid Kazımov və nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı Araz Bağırlı iştirak edib.
   Konfrans sülh və tərəqqi vasitəsilə dayanıqlı inkişafın sürətləndirilməsi mövzusuna həsr olunub.
   Oman Sultanlığının turizm naziri Əhməd bin Nasser Əl Məhrizinin konfrans iştirakçılarını salamlamasından sonra rəsmi açılış nitqləri ilə UNESCO baş direktorunun mədəniyyət üzrə müavini Françeko Bandarin, DTT-nin baş katibi Taleb Rifai, İslandiyanın birinci xanımı və DTT-nin xüsusi səfiri Eliza Reyd, Petra Milli İnam Fondunun prezidenti, İordaniya şahzadəsi Dana Firas çıxış ediblər.
   Açılış sessiyasından sonra konfrans öz işinə “Nazirlərin dialoqu” sessiyası ilə davam edib. Sessiyada Nazim Səmədov Azərbaycanın turizm sahəsində apardığı islahatlardan, bir sıra ölkələr üçün viza sadələşdirilməsinin tətbiq olunmasından danışıb. O, turizm sənayesi üzrə Strateji Yol Xəritəsinin qəbul edildiyini və qeyri-neft sektorunda əsas prioritetlərdən biri kimi turizmin inkişafına dövlət tərəfindən xüsusi diqqət yetirildiyini diqqətə çatdırıb.
   “Mədəni turizm sülh və tərəqqi amili kimi” adlı xüsusi sessiyada ölkəmizin sivilizasiyaların qovşağında və qədim İpək Yolu üzərində yerləşdiyini bildirən Nazim Səmədov azərbaycanlıların əsrlər boyu yaşatdığı tolerantlıq ənənələri, Azərbaycanda fərqli dinlərə sitayiş edən müxtəlif etnik qrupların mehriban qonşuluq şəraitində həyat sürdükləri, ölkəmizin mədəni turizm potensialı barədə ətraflı məlumat verib. Nazir müavini ölkəmizdə iki ildən bir təşkil olunan Dünya Mədəniyyətlərarası Dialoq forumları çərçivəsində dünya mədəniyyət və turizm nazirlərinin birgə konfranslarının keçirilmə ənənəsinin qoyulduğunu qeyd edərək 2018-ci ildə UNESCO və DTT-nin rəsmi tərəfdaşı olduğu “Bakı Prosesi”nin 10 illik yubileyinin keçiriləcəyini bildirib, həmçinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün Azərbaycanda həyata keçirilən silsilə tədbirləri sessiya iştirakçılarının diqqətinə çatdırıb.
   Tədbirin ilk günü mədəni proqram və iştirakçıların şərəfinə verilən rəsmi ziyafət ilə başa çatıb. Ertəsi gün konfrans işini davam etdirib.
   Qeyd edək ki, mədəniyyət və turizm nazirlərinin birgə toplantısı ilə bağlı təşəbbüs Azərbaycan tərəfindən irəli sürülüb və 2013-cü ilin 30-31 may tarixində Bakıda keçirilmiş II Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mədəniyyət və turizm nazirlərinin konfransı təşkil edilib.