Dekabrın 10-da Moldovanın Çıdır-Lunqa şəhərində, D.Tanasoğlu adına Qaqauz Yeri Milli Teatrında azərbaycanlı rejissor Tural Mustafayevin quruluşunda amerikalı dramaturq Con Patrikin “Əziz Pamela” tamaşasının premyerası olub. Layihə Moldova Mədəniyyət Nazirliyinin, Qaqauz Yeri Muxtar Ərazi Qurumunun və Azərbaycanın Moldovadakı səfirliyinin dəstəyi ilə reallaşıb.
   Tədbirdə Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun təbrik məktubu oxunub. 
   Qaqauz Yeri MƏQ-nin başqanı İrina Vlax çıxış edərək, əməkdaşlığa görə Azərbaycan tərəfinə təşəkkür edib. O, ümidvar olduğunu bildirib ki, hazırda Heydər Əliyev Fondunun dəstəyi ilə Çıdır-Lunqa şəhərində inşa edilən Mədəniyyət və təhsil mərkəzi Azərbaycan ilə Moldova, o cümlədən Qaqauz Yeri arasında mövcud dostluq münasibətlərini daha da möhkəmləndirəcək.
   Tədbirin sonunda D.Tanasoğlu adına Qaqauz Yeri Milli Teatrının 20 illiyi münasibətilə teatrın işçilərinə, o cümlədən azərbaycanlı rejissor T.Mustafayevə diplomlar təqdim edilib.