Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə G.Şaroyev adına 35 nömrəli onbirillik Musiqi məktəbində “Ustadla görüş - ustad dərsləri” silsiləsindən “Səslən, tarım” adlı tədbir keçirildi. Tədbir görkəmli tarzən, Xalq artisti, professor Ramiz Quliyevin yaradıcılığına həsr olunmuşdu. 
   Azərbaycan musiqi mədəniyyətinin simvollarından sayılan tardan söhbət açarkən Sadıqcan, Qurban Pirimov, Əhməd Bakıxanov, Bəhram Mansurov, Hacı Məmmədov, Əhsən Dadaşov kimi ustad sənətkarlar yada düşür. Onların layiqli davamçılarından olan Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli Ramiz Quliyevin ötən əsrin 60-cı illərindən başlayaraq müasir tar məktəbinin yaranması, inkişafı və təşəkkülündə mühüm xidmətləri olub. Onun ifaçılıq məharəti Azərbaycanın hüdudlarından kənarda da tanınıb, ABŞ, Kanada, Fransa, Yaponiya, Danimarka, Norveç, İsveç, Avstriya, Hindistan, Türkiyə, İran, Pakistan və s. ölkələrdə professional çıxışları daima uğurla keçərək, böyük maraq doğurub. Repertuarında Azərbaycan musiqisi ilə yanaşı dünya klassiklərinin əsərlərinə yer verməsi isə Ramiz Quliyevin virtuoz ifaçılığından xəbər verir.
   Bununla yanaşı, tarzən elmi məqalələrin, metodiki tövsiyələrin, dərslik və proqramların müəllifidir. Onun xarici ölkə və Azərbaycan bəstəkarlarının əsərlərinin tar ilə fortepiano üçün işləməsi musiqi ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb. Görkəmli tarzən ifaçılıq fəaliyyəti ilə bərabər, pedaqoji sahəyə də diqqət ayırır. İllərlə qazandığı bilik və bacarığını həvəslə gənc nəslə öyrədən tarzənin növbəti ustad dərsləri də maraqlı keçdi.
   Tədbirdə öncə tarzənin həyat və yaradıcılığını əks etdirən video-çarx nümayiş etdirildi. 
   G.Şaroyev adına 35 nömrəli onbirillik Musiqi məktəbinin müəllimi Həqiqət Hüseynova çıxış edərək sənətkarın həyat yolundan, musiqi dünyasından söz açdı.
   Sonra görkəmli tarzən ustad dərsi aparmaq üçün səhnəyə dəvət edildi. O, məktəbin şagirdləri Tuncay Əliyev və Murad İbrahimli ilə ustad dərs apardı. Dərs zamanı Ramiz Quliyev şagirdlərə tarın temperasiya imkanları, səs üzərində iş, pozisiyalar haqqında, muğam ifaçılığı və konsertmeysterlərlə iş barəsində ətraflı danışaraq tövsiyələrini verdi.
   Ustad dərslərindən sonra şagirdlər Azərbaycan və Avropa bəstəkarlarının yaradıcılığından nümunələr səsləndirdilər.
   Tədbirin qonaqlarından Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, A.Zeynallı adına Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov, 11 nömrəli Musiqi məktəbinin direktoru Rövşən Məmmədov, 15 saylı məktəbin direktoru, Əməkdar müəllim Nadir Babayev çıxış edərək sənətkar haqqında xoş ürək sözlərini və xatirələrini danışdılar.
   Tədbirin sonunda maraqlı anlardan biri ustad tarzənin məktəbin direktoru, Əməkdar müəllim Yusif Vəliyevi birlikdə duet ifa etməyə dəvət etməsi oldu. Onlar Q.Qarayevin “Yeddi gözəl” baletindən “Ayişənin rəqsi”, “İldırımlı yollarla” baletindən “Ehtiraslı rəqs”, F.Şubertin “Serenada”, S.Fərəcovun “Rondoletto”, V.Adıgözəlovun “Qərənfil” və S.Rüstəmovun “Suita” əsərlərini məharətlə ifa etdilər. Bu tarixi ifa gur alqışlarla qarşılandı.
   Ramiz Quliyev Azərbaycan tar ifaçılığını dünyada tanıdan musiqi xadimidir. Onun ifaçılıq məktəbi daima gənc nəsil üçün çox dəyərlidir. Biz də bu il 70 illiyini qeyd edən görkəmli tarzənə möhkəm cansağlığı və yaradıcılıq yolunda yeni müvəffəqiyyətlər arzu edirik. 
    
   Minacat Əhmədova
   musiqişünas