Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Bolqarıstan Respublikasının ölkəmizdəki səfirliyinin birinci katibi Yanko Yankiev və Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku ilə görüşlər keçirib.
   Y.Yankiev ilə görüşdə Azərbaycan və Bolqarıstan arasında turizm sahəsi üzrə əməkdaşlıq məsələləri müzakirə edilib. Qarşılıqlı turist axını insanlar arasında ünsiyyətin, qarşılıqlı məlumatlılıq, anlaşma və dialoqun əlverişli vasitəsi, xalqların sosial rifahına töhfə kimi qiymətləndirilib. 
   Nazir müavini qeyri-neft sektorunun mühüm sahəsi kimi turizmin inkişaf etdirilməsi və Azərbaycana gələn turistlərin sayının artırılması məqsədi ilə aparılan islahatlar barədə məlumat verib, ölkə rəhbərliyinin təşəbbüsü ilə 2018-ci ilin 16 yanvar tarixindən Bakı və Sofiya arasında fəaliyyətə başlayacaq birbaşa aviareyslərin turist mübadiləsinə töhfə verəcəyini bildirib. Sözügedən aviareyslərin iqtisadi səmərəliliyinin artırılması məqsədilə Azərbaycan və Bolqarıstanda birgə təbliğat işlərinin aparılmasının, o cümlədən turoperatorlar və jurnalistlər üçün infoturların təşkili və elektron marketinqin həyata keçirilməsinin zəruriliyi qeyd edilib. 
   Görüşdə həmçinin iki ölkə arasında viza rejiminin sadələşdirilməsi müzakirə edilib və Bolqarıstan səfirliyi tərəfindən yerli turoperatorlar üçün bu ölkəyə səyahətlə bağlı viza prosedurlarına dair təqdimat keçirilməsinin mümkünlüyü diqqətə çatdırılıb. 
   Nazim Səmədovun Rumıniya səfiri Dan İanku ilə görüşündə iki ölkə arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Söhbət zamanı turizm sahəsində əməkdaşlığa dair hüquqi bazanın zənginləşdirilməsi, turizm və mədəniyyət müəssisələri arasında birbaşa əlaqələrin təşviqi, müvafiq sahələrdə bilik və təcrübə mübadiləsi məsələləri nəzərdən keçirilib.
   Nazir müavini tərəfindən Azərbaycan və Rumıniya arasında turizm üzrə əməkdaşlığın səmərəliliyinin artırılması və qarşılıqlı turist axınının genişləndirilməsi məqsədilə birgə komissiyanın yaradılması, birbaşa aviareyslərin açılması imkanlarına qarşılıqlı şəkildə baxılması təklif edilib. Görüşdə daha rahat və iqtisadi cəhətdən səmərəli olacaq Bakı-Sofiya-Buxarest aviareyslərinin açılması məsələsinin nəzərdən keçirilməsi barədə razılıq əldə olunub.