“Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin müvafiq bəndinin icrası ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi və Avropa Spa Assosiasiyasının (ESPA) əməkdaşlığı çərçivəsində Naftalan neftinin müalicə əhəmiyyətini təsdiq edən sertifikatın alınması məqsədilə təşkilatın mütəxəssisi Teodor Stofira ölkəmizə səfər edib.
   Dekabrın 11-də Naftalan şəhərində nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Günel Aslanova, ESPA-nın nümayəndəsi Teodor Stofira, “Çinar Naftalan” və “Qaşaltı Naftalan” hotellərinin nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
   Görüş zamanı nazirliyin əməkdaşı çıxış edərək Strateji Yol Xəritəsində qarşıya qoyulan tapşırıqlar, ESPA nümayəndəsinin ölkəmizə səfəri barədə danışıb, Naftalan neftinin müalicəvi əhəmiyyətinin Avropa ölkələrində tanıdılması məqsədilə təşviqat işlərinin aparılmasının vacibliyini qeyd edib.
   Qonaq Teodor Stofira Azərbaycanın sağlamlıq turizminin inkişafı məqsədilə ölkəmizdə olmasından məmnunluğunu ifadə edib. O, ESPA-ya üzv ölkələr və müalicə-sağlamlıq mərkəzləri haqqında geniş məlumat verib və onlar tərəfindən sertifikatın verilməsi üçün tələb olunan standartları təqdim edib. T.Stofira onu da qeyd edib ki, Naftalanda olduğu müddətdə hər iki hoteldə aparacağı təhlillər nəticəsində təşkilatın yekun qərarı açıqlanacaq.
   Daha sonra “Çinar Naftalan” və “Qaşaltı Naftalan” hotellərinin nümayəndələri həm Naftalan neftinin, həm də hər iki hotelin Avropada tanıdılması baxımından olduqca vacib layihənin həyata keçirilməsində dəstəyə görə təşəkkürlərini bildiriblər.