Dekabrın 9-da Bakıdakı Atatürk Mərkəzində Müvəkkil Hüquq Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan əsilli jurnalist, Fransada Türk film festivalının yaradıcısı Leyla Vəkillinin xatirəsi anıldı. Əvvəlcə mərhum jurnalistin fəaliyyətini əks elətdirən video-foto slayd təqdim edildi. 
   Tədbiri giriş sözü ilə Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov açaraq Leyla Vəkillinin atası - Azərbaycanın ilk hüquqşünaslarından olan Həsənalısultan bəy Vəkilov haqqında məlumat verdi. Diqqətə çatdırdı ki, H.Vəkilov Şərur-Dərələyəz qəzasının Çivə kəndində dünyaya göz açıb. İrəvanda gimnaziyada təhsil alıb. Xarkov Dövlət Universitetinin Hüquq fakültəsində oxuyub. Bir müddət Tiflisdə yaşayıb və gürcü xanımla ailə qurub. 1920-ci ildə Qafqazda sovet hökuməti qurulduğu zaman Türkiyəyə mühacirət edib. Xanımı onunla getməyib. O, Türkiyədə Krım türklərindən olan Safiyə xanımla ailə qurub və Paris şəhərinə köçüb.
   Mərkəzin sədr müavini Könül Quliyeva çıxış edərək L.Vəkillinin həyat və fəaliyyətindən söz açdı. Bildirdi ki, o, 1932-ci ildə Parisdə dünyaya gəlib. Sonra atası yenidən İstanbula qayıdıb. Leyla 1952-ci ildə İstanbulda Fransız liseyinə qəbul olunub. Təhsilini başa vurduqdan sonra Fransada Sorbon Universitetinin Sosiologiya fakültəsində oxuyub. Fransada jurnalist kimi fəaliyyətə başlayıb. “Sipa Press” agentliyində çalışıb, müxtəlif ölkələrdən, münaqişə nöqtələrindən reportajlar hazırlayıb. Leyla xanım 1962-ci ildə Fransada Nazim Hikmətlə görüşüb.
   Fransada Türk film festivalının qurucusu olan L.Vəkilli eyni zamanda “Defi” (“Çağırış”) jurnalının baş redaktoru olub. 1996-cı ilədək Parisdə yaşayıb. Həmin il Türkiyənin Muğla bölgəsinə köçüb. 26 noyabr 2017-ci ildə dünyasını dəyişib.
   Millət vəkili Elman Nəsirov çıxışında Azərbaycanda məşhur olan Vəkilovlar nəslindən tanınmış şəxsiyyətlərin yetişdiyini bildirdi. Qeyd etdi ki, L.Vəkillinin Fransada jurnalist fəaliyyəti ilə bağlı əldə yetərli məlumat yoxdur. Onun bu sahədə fəaliyyəti araşdırılmalıdır. 
   Millət vəkili Adil Əliyev L.Vəkillinin atasının mühacirət səbəblərindən danışdı. Qeyd etdi ki, ötən əsrin əvvəllərində yüzlərlə soydaşımız kimi, o da haqsız təqiblər üzündən vətəni tərk etmək məcburiyyətində qalıb.
   Tədbirdə professor Ədalət Tahirzadə, AzTV-nin “Telefilm yaradıcılıq birliyi”nin baş redaktor müavini Ənvər Çingizoğlu və başqaları da çıxış edərək L.Vəkillinin fəaliyyəti haqqında öz fikirlərini bölüşdülər.
   Sonda Müvəkkil Hüquq Mərkəzinin sədr müavini K.Quliyeva Vəkilovlar ailəsi adından tədbir iştirakçılarına təşəkkürünü bildirdi.
   
   Savalan Fərəcov