Amerika kino aləmində “Oskar”dan sonra ikinci nüfuzlu mükafat olan «Qızıl qlobus» mükafatının 75-ci təqdimat mərasimi 2018-ci il yanvarın 7-də Los-Ancelesdə keçiriləcək. 1944-cü ildən təqdim olunan mükafatın budəfəki mərasimini Set Mayers aparacaq.
   Nominasiyaların sayına görə Qulermo Del Torosun "Suyun forması" filmi liderdir. Meksikalı rejissorun filmi 7 nominasiya (o cümlədən “Ən yaxşı dram əsəri”, “Ən yaxşı rejissor”, “Ən yaxşı aktrisa” nominasiyaları) üzrə mükafata iddiaçıdır. 
   Mətbuat azadlığından bəhs edən “Gizli dosye” və qara komediya janrında çəkilmiş “Missuri, Ebbinq sərhədində üç bilbord” filmləri 6 kateqoriya üzrə nominantlıq qazanıb. 
   “Ən yaxşı komediya və müzikl” kateqoriyasında isə “Xanım quş”, “Get”, “Ən böyük şoumen”, “Mən - Tonya” filmləri mübarizə aparacaq. “Ən yaxşı animasiya filmi” nominasiyasında mükafata “Koko”, “Ferdinand", “Məhəbbətlə, Vinsent” filmləri iddia edir.
   “Ən yaxşı xarici film” kateqoriyasında “Sevgisizlik” (Rusiya), "Kvadrat" (İsveç), “Tükənmək üzrədir” (Almaniya), “Fantastik qadın” (Çili), "Əvvəlcə onlar mənim atamı öldürüb” (Kamboca) “Qızıl qlobus” uğrunda mübarizə aparacaq.
   “Ən yaxşı dram aktyoru” adına Tom Henks, Denzel Vaşinqton, Timoti Şalame, “Ən yaxşı dram aktrisası” mükafatına isə Meril Strip, Salli Xokins, Frensis Makdormand namizəddir.
   
   İlona