Dekabrın 11-də Banqladeşin Türkiyə və Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Ankarada Banqladeş Xalq Respublikasının yaranmasının 46-cı ildönümü qeyd olundu.
   Tədbirin rəsmi hissəsində çıxış edən səfir M.Allama Sıddıki Banqladeş xalqının milli lideri Şeyx Muciburrahman, ölkəsinin müstəqillik yolu haqqında danışdı, inanc və mədəniyyət baxımdan yaxın olan Banqladeş və Türkiyə xalqları arasında dostluğun yüzillik tarixi olduğunu dedi.
   Səfir həmçinin Atatürkün Banqladeşdə hər kəs tərəfindən tanındığını, 1921-ci ildə Banqladeşin milli şairi Nazrul İslamın şeirləriylə türklərin Geliboluda qazandığı qələbələri anlatdığını diqqətə çatdırdı.
   Sonra 1971-ci ildə Banqladeşdə baş verən azadlıq hərəkatını əks etdirən sənədli film nümayiş etdirildi. Tədbirin bədii hissəsində Banqladeş İncəsənət Akademiyasının 18 sənətçisinin iştirakı ilə bir-birindən maraqlı, rəngarəng milli rəqslər və mahnılar ifa edildi. Gecədə banqladeşli ifaçılar türk rəqslərinə də yer verdilər. Qonaqlara Banqladeşin milli mətbəx nümunələri təqdim olundu. 
   
   Mehparə Sultanova
   Ankara