Dekabrın 13-də Üzeyir Hacıbəylinin ev-muzeyində Bakı Musiqi Akademiyasının doktorantı Günel Zeynallının təşkilatçılığı ilə muzeyin direktoru, Əməkdar incəsənət xadimi, Azərbaycan Bəstəkar İttifaqının katibi Sərdar Fərəcovun 60 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirildi.
   Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova çıxış edərək yubilyarın yaradıcılığından geniş söz açdı. Qeyd etdi ki, tanınmış musiqi xadimlərimizin yubileylərinin keçirilməsi çox yaxşı əlamətdir. Bu, ona görə lazımdır ki, onların yaradıcılığı ilə daha yaxından tanış ola bilirik. Sərdar Fərəcov bəstəkar kimi yaradıcılığının çiçəkləndiyi bir dövrünü yaşayır. İnanırıq ki, o, bundan sonra daha gözəl əsərlər müəllifi kimi tanınacaq və seviləcək. 
   Əməkdar incəsənət xadimi, professor İmruz Əfəndiyeva “Sərdar Fərəcovun müəllif kitabları” mövzusunda çıxış etdi. Bildirdi ki, bəstəkar 10 kitabın tərtibçisi və redaktoru, həmçinin çoxsaylı şeirlərin, bir neçə hekayənin, sənədli film ssenarilərinin, musiqili səhnə əsərlərinin libretto müəllifidir. 
   Tədbirdə daha sonra sənətşünasıq namizədi, professor Leyla Məmmədova, əməkdar incəsənət xadimləri, professorlar Həcər Babayeva, Akif Quliyev, Bakı Musiqi Akademiyasının doktorantı Günel Zeynallı, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Qurbansoy, Azərbaycan Milli Konservatoriyasının məzunu Zəhra Hüseynova çıxış edərək Sərdar Fərəcovun geniş yaradıcılığından söz açdılar. Çıxışlarda belə bir fikir vurğulandı ki, ömrünün altmışıncı səhifəsini, yaradıcılığının çiçəkləndiyi dövrünü yaşayan sənətkar bundan sonra da maraqlı əsərlərlə musiqisevərlərin rəğbətini qazanacaq. O da diqqətə çatdırıldı ki, mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev Sərdar Fərəcovu 60 illik yubileyi münasibətilə “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif edib.
   Konfransda Sərdar Fərəcovun “Koroğlu freskosu”, “Sübh duası”, “Oda alqış” simli kvarteti və “Zərif vals” əsərləri səsləndirildi.
   Sonda yubilyar yaradıcılıq planlarından danışdı və tədbir iştirakçılarına minnətdarlığını bildirdi. 
   
   Savalan Fərəcov