Dekabrın 13-də Beynəlxalq Mətbuat Mərkəzində Mətbuat Şurası və “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin təşkilatçılığı ilə zərdabişünas alim, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi Esmira Cavadovanın 75 illik yubileyinə həsr olunmuş toplantı keçirilib.
   Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov alimin həyat və fəaliyyəti haqqında danışıb. Bildirib ki, E.Cavadova elmi yaradıcılığının əsas hissəsini Azərbaycan mətbuatının banisi, “Əkinçi” qəzetinin yaradıcısı Həsən bəy Zərdabiyə həsr edib. E.Cavadovanın tədqiqatları ictimaiyyətə Zərdabi şəxsiyyətini tam dolğunluğu ilə təqdim edir.
    “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva çıxışında qeyd edib ki, son dövrlərdə milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin həyat və yaradıcılığına dair dəyərli elmi, elmi-publisistik, bədii əsərlər yazılıb. Onların arasında Esmira Cavadovanın işləri xüsusi qeyd edilməlidir. Alim uzun illərdir ki, Zərdabi irsinin tədqiqi ilə məşğuldur, onun Bakı Dumasındakı çıxışlarını toplayıb çap etdirib.
   Qeyd edilib ki, Həsən bəy mətbu yazılarında yalnız məişəti, təbiəti, kənd təsərrüfatını və digər sahələri əhatə etmirdi, bütün bunların fonunda milli şüurun formalaşmasına müstəsna diqqət ayırırdı. E.Cavadova isə yaradıcılığında bu çalarları ustalıqla göstərir. 
   Tədbirdə yubilyara Mətbuat Şurasının və “Kaspi” qəzetinin diplomları təqdim edilib.
   BDU-nun Jurnalistika fakültəsinin kafedra müdiri, professor Cahangir Məmmədli, Milli Məclisin deputatı Hikmət Babaoğlu, BDU-nun professoru İzzət Rüstəmov, AMEA Əlyazmalar İnstitutunun direktor müavini Azadə Musayeva və digər çıxış edənlər yubilyarın elmi fəaliyyətindən söz açıblar. Bildirilib ki, E.Cavadovanın “Həsən bəy Zərdabinin əsərlərində Azərbaycan xalqının məişət və mədəniyyəti” mövzusunda namizədlik dissertasiyası görkəmli mütəfəkkirin yaradıcılığına həsr edilən və etnoqrafik səpkidə yazılan ilk tədqiqat işidir. 
   Sonda çıxış edən alim haqqında deyilən xoş sözlərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.