Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Binə qəsəbə Mədəniyyət mərkəzində tanınmış uşaq yazıçısı Gülzar İbrahimova ilə görüş keçirilib.
   Tədbiri Xəzər rayon MKS-nin direktoru E.Məcidova açaraq yazarın yaradıcılığı haqqında məlumat verib. 
   Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Lətifə Məmmədova çıxış edərək uşaqların inkişafında, təhsilində belə tədbirlərin əhəmiyyətini qeyd edib, bu xüsusda uşaq ədəbiyyatının xüsusi rolunu vurğulayıb.
   Tədbirdə G.İbrahimova uşaqlara öz şeirlərini oxuyub, bağça və məktəbli uşaqların fəal iştirakı ilə maraqlı interaktiv, əyləncəli oyunlar keçirib. Balacaların təqdim etdiyi “Turp” nağılı səhnəciyi, “Odlar yurdu” rəqs ansamblının kiçik üzvlərinin ifaları tədbiri daha da rəngarəng edib. Sonda uşaqlara hədiyyələr təqdim edilib.