Avstriyanın ölkəmizdəki səfirliyində təşkil olunan “Azərbaycan-Avstriya Turizm Proqramı”nın (AATP) ənənəvi məzun görüşü çərçivəsində Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) müəllimlərinə İMC Krems Tətbiqi Elmlər Universitetinin sertifikatlarının təqdimetmə mərasimi keçirilib.
   Sertifikatlar AATP proqramında beş ildən çox pedaqoji fəaliyyət göstərən müəllimlərə verilib.
   Tədbirdə Avstriyanın Azərbaycandakı səfiri Aksel Veks ölkələrimiz arasında mövcud siyasi və mədəni əlaqələrin əhəmiyyətindən danışıb.
   İMC Krems Tətbiqi Elmlər Universitetinin rektoru xanım Eva Vernerin təbrik nitqindən sonra doqquz müəllimə, eləcə də proqramda fəaliyyətini davam etdirən üç ATMU məzununa sertifikatlar təqdim olunub.
   Mərasimdə çıxış edən ATMU-nun rektoru İlham Mədətov bildirib ki, 10 il ərzində proqramı bitirən 175 məzundan çoxu hazırda turizm sənayesinin aparıcı sahələrində nüfuz sahibidir. O, ATMU-nun turizm sənayesinin dinamik inkişafı naminə faydalı əməkdaşlığa böyük önəm verdiyini deyib.