Ankara Vəqflər Baş Direktorluğu Mədəniyyət və qeydiyyat idarəsi Səlcuq dönəmindən başlayaraq günümüzə qədər qurulan vəqflərin qeydiyyatının qorunduğu məkandır. Burada arxiv, kitabxana və muzey fəaliyyət göstərir. Qurumun müdiri Adnan Tüzen ilə söhbət əsnasında o da bəlli oldu ki, ilk vəqf türklərin Anadoluya gəlməsindən daha öncə Azərbaycanın Təbriz şəhərində qurulub. 
   
   - Adnan bəy, Ankara Vəqflər Baş Direktorluğu Mədəniyyət və qeydiyyat idarəsinin əsas funksiyaları nədən ibarətdir?
   - Türkiyədə Vəqflər Baş Direktorluğu 1924-cü ildə qurulub. Ondan öncə, Osmanlı dönəmində isə bu qurum Vəqflər Nazirliyi kimi fəaliyyət göstərib. Bizim idarəmiz isə elə öz adı ilə fəaliyyətdə olub. Bura Səlcuq, Osmanlı və Cümhuriyyət dövrü vəqflərinə aid sənədlərin saxlandığı bir arxiv idarəsidir. Vəqflərlə bağlı bütün sənədləri bizim ixtisaslaşmış kitabxanamızda əldə etmək mümkündür. Eyni zamanda yeni nəşrlər də bu kitabxanaya gətirilir. Araşdırma və əldə edilən sənədlərdən bəlli olub ki, ən qədim vəqfiyyə 1048-ci ilə aiddir. Bu, Ərzurumdakı Xəlil Divani vəqfi olub. Həmin vəqfin əsası isə Azərbaycan şəhəri Təbrizdə qoyulub. Vəqflər ilk öncə hakimlik tərəfindən təsis olunub. İlk belə bir hakimlik Təbrizdə qurulub və adı da Təbriz hakimliyi olub. Biz bu vəqfin yerində bir abidə tikdirəcəyik. Sözügedən vəqfin əsl sənədi də, yeri də var, amma təkkə dağılıb. Ona görə də onun yerində simvolik bir abidə ucaldacağıq.
   
   - Arxivdəki sənədlərdən istifadə qaydası necə tənzimlənir?
   - Arxivimizdə vəqf dəftərləri, orda çalışan məsul şəxslərin qeydiyyatları var. Bu, Türkiyədə fəaliyyət göstərən 3 ən böyük arxivdən biridir. Rəsmi olaraq 27 min vəqfin qeydiyyatı mövcuddur ki, onlardan da 15 minini elektronlaşdıraraq ictimaiyyətə açıq etmişik. Bundan əlavə, 2005-ci ildən vəqflərlə bağlı sənədlərin kompüter vasitəsilə alınması layihəsini də həyata keçirdik. 2015-ci ildə başa çatan layihə çərçivəsində 10 milyon sənədin görüntülərini başqa arxivlərdən aldıq, onları sistemlərimizə yüklədik və təqdimatını keçirdik. Artıq bu sənədlər də istifadəçilərin xidmətinə verilib. Onu da qeyd edim ki, arxivimizdən tarix, ədəbiyyat sahəsində bütün araşdırmaçılar yararlana bilər. Hər il 250-dən çox araşdırmaçı arxiv və kitabxanamızdan istifadə edir. Onların arasında əcnəbilər çoxluq təşkil edir. Başqa ölkələrlə də əlaqələrimiz var. Müvafiq protokollar imzalayır, sənəd mübadiləsi aparırıq. 
   
   - Azərbaycanla əlaqələriniz varmı və bu zəmində necə əməkdaşlıq etməyi düşünürsünüz?
   - Təbii ki, Azərbaycanla da münasibətlərimiz var. Məsələn, ötən ay İstanbulda Osmanlı coğrafiyası arxivləri ilə bağlı konfrans oldu. Konfransa xaricdən 70-dək mütəxəssis, o cümlədən Azərbaycandan 10 nəfər qatılmışdı. Bizim muzeyin işçiləri Bakıya səfər edərkən oradakı Xalça Muzeyini də ziyarət etmişdilər və çox xoşlarına gəlmişdi. Hətta belə bir ideya da ortaya çıxdı ki, biz xalçalarımızın Azərbaycan Xalça Muzeyində sərgisini keçirək. Gələcəkdə iki ölkə arasında sənəd mübadiləsi də ola bilər. Təbii ki, bu həm də dövlətlərarası razılaşmalara bağlıdır. Düşünürəm ki, bizimlə bağlı sizin arxivlərdə az məlumat olar, ya da heç yoxdur. Amma bizim arxivdə Azərbaycanla bağlı sənədlərin olması mümkündür. Bunun üçün də qarşılıqlı işbirliyi olmalıdır. 
   
   - Dediniz ki, ilk vəqf Təbrizdə qurulub. Bəs Azərbaycanla bağlı digər vəqflərin sənədləri varmı əlinizdə?
   - Onu qeyd edim ki, mənim ata-babalarım Bayburtda yaşayıb və bizim nəslimiz Ağqoyunlulardan gəlir. Sonra Qarsa köçmüşük. Ağqoyunluların 1537-ci ildə Bayburtda vəqf qurmaları haqqında əlimizdə sənəd var. Bu vəqf Fərəhşah Qorxmaz bəy tərəfindən qurulub və ona məscid, mədrəsə, hamam daxil olub. Vəqfin özü isə İstanbulda yaradılıb və hazırda möhürlərinin rəsmi də bizdə qorunur. 
   
   - Yəqin ki, bu sənədlər kağız üzərində olduğundan zaman-zaman bərpaya ehtiyacı var? Bərpa işləri necə aparılır?
   - Vəqflərin təşkilatlanma işi Osmanlı Sultanı Yıldırım Bəyazitdən başlayıb. Biz köhnə sənədləri bərpa edirik. Arxiv sənədlərini köhnəlməməsi üçün onların rəqəmsal nüsxələrini, mikro-filmlərini yaratdıq və sistemə yerləşdirdik. Amma bu sistemdəki sənədə inanmayanlar birbaşa sənədin özünə də baxa bilərlər. Bizim muzeyimizdə və İstanbulda Sultan Əhməd məscidinin yanında sənəd bərpa işləri ilə 60 nəfər məşğuldur. Onlar qədim xalı, kilim də bərpa edirlər. Bunları yaşatmaq üçün böyük səy, maliyyə dəstəyi lazımdır. Osmanlı Sasani, Bizans dövlətlərindən nümunə alıb, özünə uyğunlaşdırıb dövlət qurub. Arxiv qaynaqlarımızın çoxu fars dilindədir. Hələ də sənəd axtarışlarımız davam edir. 
   
   - Mədəniyyətlə bağlı vəqflər olubmu?
   - Təbii ki, olub. Sultan Süleymanın qızı Mihrimah sultan təhsil vəqfləri qurub. O zaman yazı əl ilə yazıldığına görə xəttatlara ehtiyac var idi. Bu baxımdan gözəl yazı yazmaq üçün olan vəqflər qurulub. Hətta dul qadınları qorumaq üçün dullar evi olub. Bu da bizim zənginliyimizin göstəricisidir. Əvvəlki vəqflər insanın sanki ruhunu oxşayıb. Əsərləri ilə də bunları görürük. 
   
   Mehparə Sultanova
   Ankara