Dekabrın 13-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda yazıçı-dramaturq Elçin Hüseynbəylinin “Yenə iki od arasında” romanının təqdimat və imza günü keçirilib.
   AYB-nin və “Qələm” nəşriyyatının təşkilatçılığı ilə baş tutan tədbirdə şair-tərcüməçi Səlim Babullaoğlu, professor Vaqif Yusifli və başqaları çıxış edərək kitabın məziyyətlərindən danışıblar. Bildirilib ki, Qarabağ tarixinin maraqlı məqamları ilə zəngin olan əsər XVIII əsrin sonlarından bu günümüzə kimi olan dövrü əhatə edir. Müəllif zaman-zaman yurd yerlərimizi niyə itirdik sualına cavab tapmağa çalışır. 
   Qeyd edilib ki, Elçin Hüseynbəylinin bir neçə pyesi teatrlarda tamaşaya qoyulub və bir çox əsərləri müxtəlif xalqların dillərinə tərcümə olunaraq ayrı-ayrı ölkələrdə nəşr edilib.
   Diqqətə çatdırılıb ki, bu il 130 illiyi qeyd edilən böyük yazıçı, “İki od arasında” tarixi romanının müəllifi Yusif Vəzir Çəmənzəminlinin (1887-1943) xatirəsinə həsr edilmiş kitaba “ön söz”ü Xalq yazıçısı Anar, “son söz”ü akademik Nizami Cəfərov yazıb. 
   Tədbirin sonunda Elçin Hüseynbəyli kitabı imzalayaq oxuculara təqdim edib.