Azərbaycan Aşıqlar Birliyinin yeni nəşri olan “Ozan” elm və sənət toplusunun birinci buraxılışı işıq üzü görüb. İldə bir dəfə buraxılması nəzərdə tutulan və redaksiya heyətində ölkəmizin, habelə ABŞ, Türkiyə və Gürcüstanın tanınmış elm və sənət adamlarının təmsil olunduğu nəşrin baş redaktoru Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, baş redaktorun müavini birliyin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur. 
   Topluda “Aşıq ədəbiyyatının milli və tarixi özəlliyi”, “Bozoxu” havasının tarixi morfologiyasına dair”, “Aşıq bayatıları milli musiqili-poetik intonasiya modeli kimi”, “Aşıq Ələsgərin çap olunmuş kitablarında verilməmiş bir çox şeirləri haqqında”, “Xanəndə və aşıq obrazlarını yaradan Şirzad Hüseynov alman deyil”, “Çıldırlı aşıq Şenliyin həyatı və sənəti”, “Aşıq Nəcəf Göyçəlinin sənət dünyasında dövr və zaman problemi” və s. elmi məqalələr, Xalq yazıçısı Elçinin professor Qəzənfər Paşayevin 80 illik yubileyi münasibətilə yazdığı məqalə, Prezident təqaüdçüsü, Əməkdar incəsənət xadimi Ədalət Nəsibov haqqında xatirə yazıları yer alıb.