2017-ci ildə “PASHA Travel” şirkətinin təşəbbüsü, Azərbaycan Turizm və Menecment Universitetinin dəstəyi ilə müxtəlif əcnəbi dil qabiliyyəti olan 17 nəfər gənc Mədəniyyət və Turizm Nazirliyinin turizm bələdçiləri attestasiyasından uğurla keçərək, ölkə ərazisində turizm bələdçisi kimi fəaliyyət göstərmək hüququ qazanıb. 
   Bu münasibətlə şirkətin ofisində bələdçilərə sertifikatların təqdimetmə mərasimi olub. Gənc turizm bələdçiləri 5 aylıq təcrübə və praktiki dərslərdən ibarət ixtisasartırma kursu keçib, fəxri bələdçilərdən ustad dərsləri alıblar. Bakı-Abşeron regionu üzrə marşrutlar və görməli yerlərə təşkil olunan model turlarda fərqlənən turizm bələdçiləri Dünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyasının beynəlxalq standartları əsasında qurulan bələdçi texniki peşə biliklərinə yiyələniblər.
   ATMU-nun tədris işləri üzrə prorektoru Eldar Aslanov Mədəniyyət və Turizm Nazirliyinin Turizm bələdçiləri attestasiyası komissiyasının bu istiqamətdə fəaliyyətini davam etdirdiyini, növbəti günlərdə digər məzun qruplarına sertifikatların təqdim ediləcəyini diqqətə çatdırıb.
   Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin sektor müdiri Seymur Həsənov məzunları təbrik edib və imtahan komissiyasının üzvü kimi gənc bələdçilərin turizm sənayesində ölkəmizi layiqincə təmsil etməyə hazır olduqlarını deyib.
   Sonda “PASHA Travel”in icraçı direktoru Florian Sengstschmidt çıxış edərək, müvafiq məzunlarla birlikdə Azərbaycanda ilk “BakuSightseeing.com” adlı onlayn tur bronlaşdırma platformasının yaradıldığını, turist auditoriyasına uyğun turların müxtəlifliyi nəzərə alınan onlayn platformanın Bakıya təşrif buyuran qonaqların böyük marağına səbəb olacağını deyib.