Azərbaycan Turizm və Menecment Universiteti ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında əməkdaşlığa dair memorandum imzalanıb.
   Təhsil Nazirliyindən bildiriblər ki, memorandumun imzalanması dövlət başçısının fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin və “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin tədbirlər planlarının icrasını təmin etmək məqsədi daşıyır.
   Memorandum çərçivəsində ilk peşə-ixtisas təhsili səviyyəsində turizm-xidmət istiqaməti üzrə ixtisaslı kadrların hazırlanmasının, tədris proqramlarının və təlimin keyfiyyətinin yüksəldilməsinin təmin edilməsi, eləcə də əmək bazarının dəyişən tələblərinə cavab verən yeni ixtisasların açılması məqsədilə Turizm və Menecment Universitetinin pedaqoji heyətinin turizm-rekreasiya zonalarında yerləşən ilk peşə-ixtisas təhsili müəssisələrinə cəlb olunması nəzərdə tutulur.
   Əməkdaşlığa əsasən, turizm sahəsi üzrə ilk peşə-ixtisas təhsili səviyyəsində tədris planlarının özəl sektorla əlaqələndirilməsi, tədrisin maddi-texniki, o cümlədən metodiki bazasının gücləndirilməsi, istehsalat təcrübəsi və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə birgə tədbirlər planı işlənib hazırlanacaq.