ABŞ-ın donanma kapitanı və keçmiş NASA astronavtı Haydi Stefanişin-Payper bu günlərdə ölkəmizə səfəri zamanı Kürdəmirdə oldu. Qonaq rayon Mərkəzi kitabxanasındakı Amerika guşəsində məktəblilərlə görüş keçirdi. 
   Görüş astronavtın özü tərəfindən hazırlanan “Mənim əhvalatım” adlı videoçarxın təqdimatı üzərində aparıldı. Onun məktəb illərindən başlayaraq ordudan tərxis olunanadək dövrü, xüsusən kosmosa 12 və 16 günlük iki səfərini əks etdirən fotoşəkillər əsasında verdiyi şərhlər iştirakçılar tərəfindən maraqla qarşılandı. Riyaziyyatı çox sevdiyini, universitetdə mühəndis ixtisasına yiyələndiyini, daha sonra hərbi-dəniz qüvvələrində sualtı gəmilərin təmiri sahəsində çalışdığını, sonradan NASA-ya getdiyini deyən qonaq kosmosa uçuşlarını və orada qarşılaşdığı maraqlı epizodları xatırladı. 
   Astronavt Haydi Stefanişin-Payper özü, ailəsi və kosmosa səfəri ilə əlaqədar iştirakçıları maraqlandıran sualları cavablandırdı. O, indiyədək 500-dək insanın kosmosa uçduğunu, özünün bu sırada 35-ci qadın kosmonavt olduğunu diqqətə çatdırdı. Sonda qonaqla xatirə şəkli çəkdirildi.
   
   Məryəm Əliyeva
   Kürdəmir rayon 
   MKS-nin biblioqrafı