Dekabrın 19-da Lənkəran şəhərindəki Heydər Əliyev xatirə parkında “Çay, çəltik və sitrus festivalı” keçirilib. Ötən əsrin 70-80-ci illərində Lənkəranda keçirilən “məhsul bayramları”nı xatırladan festival böyük maraqla qarşılanıb. İli uğurla başa vuran sakinlər çəkdikləri zəhmətin, əməyin sevincini yaşayıblar...
   Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və AZƏRTAC-ın informasiya dəstəyi ilə keçirilən festivala rayon rəhbərliyi, Prezident Administrasiyasının məsul işçisi Habil Əzəmmədov, Milli Məclisin deputatları Hadi Rəcəbli, Rüfət Quliyev, mədəniyyət xadimləri, digər qonaqlar və ictimaiyyət nümayəndələri qatılıb.
   Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
   Sonra Azərbaycanın dövlət atributları və Lənkəranın simvolunu əks etdirən fotostendlərlə bəzədilən parkda “Çayımızın adı var”, “Süfrələrin bəzəyi - Lənkəranın düyüsü”, “Gözəlliyi damla-damla topladıq”, “Yeni Lənkəran tikmək üçün”, “Lənkəranın şirnisi - ağız dadımız” və digər pavilyonlara baxış keçirilib.
   Rayonda istehsal olunan ərzaq, sənaye, kənd təsərrüfatı məhsulları, xalq sənətkarlığı nümunələri, yerli təbii çay və müxtəlif şirniyyatlar, çərəzlərdən ibarət “çay dəstgahı” qonaqların diqqətini çəkib.
   Tədbir iştirakçılarına yüksəkkeyfiyyətli yerli sortlardan olan “Haşimi”, “Sədri”, “Campo” düyülərindən bişirilən 50 növdən çox plov, eyni zamanda, Lənkəran mətbəxinin ləziz təamı - ləvəngidən hazırlanan xörəklər və müxtəlif çeşidli kabablar təqdim olunub. Açılış mərasimində çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov lənkəranlıları ölkəmizdə ilk dəfə keçirilən “Çay, çəltik və sitrus festivalı” münasibətilə təbrik edib. İcra başçısı Prezident İlham Əliyevin sədrliyi ilə bu il sentyabrın 3-də Lənkəranda keçirilən çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsinin nəticəsi olaraq həmin sahələrin inkişafı ilə bağlı Dövlət Proqramının qəbul edildiyini diqqətə çatdırıb.
   Mərasimdə 2017-ci ildə aqrar bölmədə uğur qazanmış məhsul istehsalçılarının bir qrupu fəxri fərmanlar və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
   Lənkəran Mədəniyyət Mərkəzinin musiqi və rəqs qrupları, özfəaliyyət kollektivləri rəngarəng, ədəbi-bədii kompozisiyalarla çıxış edib, maraqlı musiqi nömrələri səsləndirib, gənclərin iştirakı ilə əyləncəli proqramlar təqdim olunub.