Dekabrın 24-də Binə Atçılıq Mərkəzinin qapalı manejində keçirilən çövkən milli atüstü oyunu üzrə “Prezident kuboku” turnirinə yekun vurulub.
   Yarışın sonuncu günündə oyunları mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev və Dövlət Sərhəd Xidmətinin rəisi, Azərbaycan Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev izləyiblər.
   Turnirin bürünc medalları uğrunda “Ağcabədi” və “Ağstafa” komandaları mübarizə aparıb. Oyunda 3:0 hesabı ilə qalib gələn “Ağcabədi” komandası bürünc medala layiq görülüb.
   Final qarşılaşmasında isə paytaxtın “Sərhədçi” və “Polad” komandaları üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən oyunda “Sərhədçi” komandası 2:1 hesabı ilə qalib gələrək çempion adını qazanıb.
   Qaliblərə kubok, medal və diplomlar təqdim olunub.
   Qeyd edək ki, dekabrın 18-də Şəkinin Daşüz kəndində yerləşən Atçılıq Turizm Mərkəzində start verilən yarışlarda Şəki, Ağcabədi, Ağdaş, Ağstafa, Bərdə, İsmayıllı, Gəncə və Şəmkir regional mədəniyyət və turizm idarələrini təmsil edən komandalar, həmçinin Bakı şəhərinin “Elit”, “Omar”, “Polad” və “Sərhədçi” komandaları mübarizə aparıblar.