“Başqa bir ölkədə yaşadığın zaman mütləq öz vətənini düşünməlisən”
   
   Ankarada yaşayan soydaşımız, tanınmış heykəltəraş Sait Rüstəm maraqlı təşəbbüslə çıxış edib. O, öz sənət qalereyasını təmir edərək yeni bir üslubda “Sait Rüstəm sənət evi” və “Azərbaycan süfrəsi”nə çevirib. Adından da bəlli olduğu kimi, burada sənət əsərləri Azərbaycan mətbəx nümunələri ilə birlikdə təqdim olunacaq. 
   Bu məkanların dekabrın 24-də keçirilən açılış mərasimində Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, səfirliyin əməkdaşları, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un nümayəndələri, Ankarada yaşayan soydaşlarımız, sənət adamları, ziyalılar iştirak edirdi. 
   Qonaqlar öncə sənət evinə baxış keçirdilər. “Sait Rüstəm sənət evi” və “Azərbaycan süfrəsi” iki böyük zaldan ibarətdir. 
   Girişdən başlayaraq zallarda qoyulan ən xırda əşyalar da xüsusi incəliklə işlənib. Məkanda qoyulan stul və stollar ağacdan fərqli-fərqli forma və dizaynla hazırlanıb. Onların üzərində milli ornamentlər yer alıb. İdeya və bütün tərtibat orijinaldır və sənətkarın özünə məxsusdur. Zallarda quraşdırılan ocaqların kənarı da xüsusi dizaynla işlənib, ətrafında yanan rəngli işıqlar fərqli və maraqlı aura yaradır. Çilçıraqlar da fərqli forması ilə diqqəti cəlb edir. 
   Zalların hər ikisində sənətkarın rəsm əsərləri və heykəlləri nümayiş olunur. Burada diqqətimizi piano cəlb edir. Gələcəkdə burada həm də musiqi dərsləri veriləcək ki, bununla da sənət evi mədəniyyətimizi geniş şəkildə təqdim edəcək. Gələnlərə həm də Azərbaycanın tanıtım filmləri nümayiş etdiriləcək. 
   Sait Rüstəm çıxış edərək bildirdi ki, belə bir evin açılması ideyası çoxdan ortaya çıxıb: “Neçə illərdir ki, mən də, xanımım Flora Rüstəm də belə bir evin açılmasını istəyirdik. Eyni zamanda Türkiyədə yaşayan azərbaycanlılar da həmişə mənə deyirdi ki, sənin evin elə bil ki, azərbaycanlıların doğma evidir. Bütün bunlar da nəhayət həm bizim, həm də soydaşlarımızın arzularının reallaşması ilə nəticələndi. Ankarada doğrudan da bizim azərbaycanlıların bir araya gəlməsi üçün belə bir məkan yox idi. İnsanlar gündəmlərdən yorulur, maraqlı, gözəl auralı ortamda bir yerə toplaşmaq, söhbət etmək istəyir”. 
   Sənətkar gördüyü işi vətənə xidmətin bir hissəsi adlandırır: “Başqa bir ölkədə yaşadığın zaman mütləq öz vətənini düşünməlisən. Bu xidmət insanın davranışlarında da, əməllərində də ola bilər”. 
   Səfir Xəzər İbrahim məkandan məmnun qaldığını diqqətə çatdırdı: “Bu gün bizləri bir araya topladığınıza görə sizə təşəkkür edirəm. İncəsənətlə milli mətbəximizin bir arada təqdim olunması doğrudan da gözəldir”. 
   Azərbaycan əsilli tanınmış professor Yusif Bayraqdar isə bildirdi ki, Türkiyənin bir çox bölgələrini Sait Rüstəmin heykəlləri bəzəyir, müxtəlif ölkələrdə sərgiləri keçirilib: “Türkiyədə onu “Azərbaycan əsilli heykəltəraş” kimi tanıyırlar. Onun bu gün gerçəkləşdirdiyi bu təşəbbüs isə hər birimizin ürəyincədir. Bu işə görə ona təşəkkürümü bildirirəm”.
   Gələn qonaqlara Azərbaycan mətbəx nümunələri, milli şirniyyatlar təqdim olundu. 
   
   Mehparə Sultanova
   Ankara