Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin tabe müəssisələrində Yeni il və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.
   Sumqayıt şəhər Nizami Gəncəvi adına Kitabxana-klubda şəhərdəki “Dünya” məktəbinin şagirdləri üçün “açıq qapı günü” keçirilib. Uşaqlar kitabxana-klubda fəaliyyət göstərən rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə, Azərbaycan və alman nağılları əsasında hazırlanmış “Cik-cikin nağılı” və “Hansel və Qretelin nağılları” kukla tamaşasına baxıblar.
   S.Vurğun adına Mərkəzi kitabxananın Uşaq şöbəsində “Qış nağılı” adlı səhərcik keçirilib. S.Rüstəmov adına Uşaq incəsənət məktəbində şagirdlərin ifasında konsert proqramı təqdim olunub.
   Şuşa şəhər Bülbülcan adına Uşaq musiqi məktəbinin kollektivi isə 1 saylı Sağlamlıq imkanları məhdud usaqlar üçün sosial xidmət müəssisəsində konsert proqramı ilə çıxış edib.