Bakı dünyanın şopinq festivalı şəhərlərinin siyahısına daxil oldu
   
   Heç şübhəsiz ki, 2017-ci il həm də Azərbaycan turizm sənayesində ilk dəfə olaraq təşkil olunan şopinq festivalları ilə tarixə düşdü. Aprelin 10-dan mayın 10-dək ilk dəfə olaraq paytaxtımızda Ticarət festivalı (Baku Shopping Festival) təşkil olundu. Prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən keçirilən festivalın təşkilatçısı Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu idi.   
   Şopinq festivalının təşkilinə cəlb edilmiş bütün dövlət qurumları birgə çalışaraq bu işə öz töhfəsini verdi. Qısa müddətdə təşkil olunmasına baxmayaraq, festival uğurlu nəticələrlə yekunlaşdı. Bir ay müddətində Bakının əsas ticarət mərkəzlərinin, mağazalarının qoşulduğu bu festivaldan turistlərlə yanaşı, yerli sakinlər də geniş yararlana bildilər. Festival çərçivəsində alınan mallar üçün ƏDV-nin qaytarılması (“Tax Free”) imkanı ilə yanaşı endirimlər də alıcılar üçün cəlbedici idi.
   Bakı Şopinq Festivalının marketinqi, mediada işıqlandırılması və təbliğatı sahəsində də mühüm işlər görülüb. Ümumilikdə 54 ölkədə TV, radio, onlayn media, sosial şəbəkələr və internet televiziyaları vasitəsilə festival haqqında məlumatlar yayılıb. Sosial şəbəkələrdə festival barədə informasiyaları milyonlarla insan izləyib.
   Şəhərimizi dünyanın qabaqcıl alış-veriş mərkəzlərindən birinə çevirmək məqsədilə oktyabrın 15-dən noyabrın 15-dək ikinci Bakı Şopinq Festivalı keçirildi. İkinci festival müxtəlif yeniliklərlə də yadda qaldı. “Şopomaniya”, “Uğur çarxı” oyunları, “Festival sürprizləri” ani lotereyası və digər həvəsləndirici tədbirlər təşkil edildi. 
   Statistik rəqəmlər də göstərir ki, festivallar ölkəmizdə ticarət dövriyyəsinin artmasına müsbət təsir göstərib. Əgər birinci Bakı Şopinq Festivalında 172 şirkət əlavə dəyər vergisinin (ƏDV) qaytarılmasına qoşulmuşdusa, ikinci festivalda onların sayı 493 oldu. İlk festivalda tərəfdaş qismində çıxış edən müəssisələrin sayı 33, ikinci festivalda 150 idi. Bu da sahibkarlar tərəfindən festivala olan marağın getdikcə artdığını bir daha təsdiq edir. Birinci festivalın ümumi dövriyyəsi 18 milyon manatdan, ikinci festivalın ümumi dövriyyəsi 33 milyon manatdan çox oldu.
   Festival yerli sahibkarlığın inkişafı, ticarət və turizmə əlavə sərmayələrin cəlb edilməsi baxımından effektiv olmaqla yanaşı, Azərbaycan vətəndaşlarının da xarici turistlərə şamil olunan ƏDV qaytarılması sistemindən yararlanmasına şərait yaratdı. Bundan sonra hər il Bakı Şopinq Festivalının ildə iki dəfə - yaz və payız aylarında təşkili nəzərdə tutulur.
   Şopinq festivalı təkcə sərfəli ticarət deyil, həmçinin ölkənin mədəni irsinin, incəsənətinin alış-veriş həvəskarlarına, yerli və xarici turistlərə tanıtımı üçün əlavə imkandır. Bu baxımdan hər iki festival müxtəlif mədəni-əyləncəli layihələr, o cümlədən Milli Turizm Təbliğatı Bürosunun iştirakı ilə gerçəkləşən tədbirlərlə yadda qaldı.
   
   Fariz