Dekabrın 26-da Bakıda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə, AMEA-nın Tarix İnstitutu və “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları (İKT) Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində Azərbaycan, ingilis və rus dillərində istehsal olunan “Zəngəzur“ sənədli filminin təqdimat mərasimi keçirilib.
   Filmin baş məsləhətçisi Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov, layihə rəhbəri Nurəddin Mehdiyev, ssenari müəllifi tarixçi Nazim Mustafa, quruluşçu rejissoru Teymur Nəcəfzadədir.
   "Virtual Qarabağ” İKT Mərkəzinin əlaqələndiricisi, Gənclər və İdman Nazirliyi yanında gənclərlə iş üzrə ictimai şuranın sədri Nurəddin Mehdiyev film barədə məlumat verib. Qeyd olunub ki, ekran əsəri Zəngəzur mahalının Azərbaycanın qədim tarixi torpaqlarından olması və bu gerçək həqiqət haqqında ermənilərin dünyanı yanıltması barədədir. 
   Gənclər və idman naziri Azad Rəhimov “Virtual Qarabağ” İKT Mərkəzi tərəfindən davamlı olaraq həyata keçirilən layihələri yüksək dəyərləndirib. 
   Akademik Y.Mahmudov bildirib ki, filmdə Zəngəzurda azərbaycanlılara məxsus yer adları və onların dəyişdirilməsindən, qədim və orta əsrlərdə burada baş verən hadisələrdən, bu ərazilərə ermənilərin köçürülməsindən, ermənilərin törətdiyi qırğınlardan, Zəngəzurun mədəni irsindən, görkəmli şəxsiyyətlərindən bəhs edilir. Bu layihələrin məqsədi gənclərimizi Qarabağla bağlı düzgün məlumatlandırmaq və erməni yalanlarına qarşı beynəlxalq miqyasda təbliğat imkanlarını artırmaqdır.
   Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, filmin ssenari müəllifi N.Mustafa ekran əsəri haqqında fikirlərini bölüşüblər.
   Tədbirdə “Qarabağ xalçaları” elektron albomunun və mərkəzin yeni portalının təqdimatı olub. “Qarabağın xalçaları” layihəsinin elmi məsləhətçisi akademik Nailə Vəlixanlıdır. Mətnin müəllifi və tərtibatçısı tarix üzrə fəlsəfə doktoru Gülzadə Abdulovadır.