Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Abu-Dabi şəhərində ənənəvi Şeyx Zayed İrsi Beynəlxalq Festivalı keçirilir. 2017-ci il dekabrın 1-də başlanan festival 2018-ci il yanvarın 27-dək davam edəcək. 
   Çin, Rusiya, Türkiyə, Ukrayna - ümumilikdə 24 ölkənin qatıldığı festivalda Azərbaycanın BƏƏ-dəki səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə ölkəmizin məhsul və xidmətlərindən ibarət pavilyon qurulub. Pavilyonda Azərbaycan istehsalı olan sərinləşdirici içkilər, çaylar, konservləşdirilmiş ərzaq məhsulları, mürəbbələr, quru meyvələr və çərəzlər, orqanik istehsal olunan kosmetika məhsulları, turizm xidmətlərinin satışı həyata keçirilir.
   Hər il iki milyondan çox ziyarətçisi olan və bir çox dünya ölkələrinin hökumət başçılarının, yüksək vəzifəli rəsmilərin, mədəniyyət və incəsənət xadimlərinin ziyarət etdiyi festivalda Azərbaycan pavilyonu maraqla qarşılanıb.
   Dekabrın 30-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə səfirlik tərəfindən festivalın mədəni hissəsində Birləşmiş Ərəb Əmirliklərində yaşayan azərbaycanlı uşaqların iştirakı ilə milli rəqslərimizin nümayişi təşkil edilib.
   Tədbir çərçivəsində təşkil edilmiş paradda pavilyonumuzun iştirakçıları milli paltarlarda Azərbaycanın dövlət bayrağını bütün festival ərazisində gəzdirib, ziyarətçilərlə şəkillər çəkdirib, ölkəmiz barədə məlumat veriblər.
   Daha sonra festivalın səhnəsində səfirliyin nəzdində fəaliyyət göstərən “Qarabağ inciləri” özfəaliyyət qrupu üzvlərinin ifasında Azərbaycan rəqsləri nümayiş etdirilib. Qonaqlar milli geyimdə olan rəqs ifaçıları ilə şəkillər çəkdiriblər. Azərbaycan rəqsləri gecə boyu festivalın bir neçə müxtəlif səhnəsində fasilələrlə nümayiş etdirilib. 
   Tədbir ölkənin telekanalları tərəfindən nümayiş etdirilib, elektron mediada işıqlandırılıb.