Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin tabe müəssisələri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar silsilə tədbirlərin bir neçəsini hərbi hissələrdə keçirib.
   “Dostluq” mədəniyyət evinin bədii özfəaliyyət kollektivi N saylı hərbi hissədə konsert proqramı ilə çıxış edib. Müğənnilərin ifasında xalq və bəstəkar mahnıları, “Dostlar” aşıqlar qrupunun və “Şahinlər” rəqs kollektivinin çıxışları əsgər və zabitlər tərəfindən maraqla qarşılanıb. 
   Şəhər Mədəniyyət evinin bədii özfəaliyyət kollektivi də N saylı hərbi hissənin qonağı olub. Konsertdə müğənnilərin ifa etdiyi şən mahnılar, "Şəms" instrumental ansamblının təqdimatında rəngarəng musiqi nömrələri hərbi hissənin heyətinə əsl bayram ovqatı bəxş edib.
   Corat qəsəbə Mədəniyyət evinin bədii özfəaliyyət kollektivi Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Sumqayıt şəhər təşkilatı, qəsəbə Ağsaqqallar Şurasının üzvləri ilə birlikdə hərbçilərimizin bayramlarını təbrik edib.
   * * *
   Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar hərbi hissələrdə konsert proqramları təşkil edib.
   Bərdə şəhər 1, 4 nömrəli uşaq incəsənət, 2, 3 nömrəli uşaq musiqi və Divanlı, Kolayır, Kətəlparaq kənd uşaq musiqi məktəblərinin kollektivlərinin rəngarəng musiqi nömrələri hərbi qulluqçulara xoş bayram əhvalı yaşadıb.
   Regional idarənin Tərtər rayon nümayəndəliyinin tabeliyində olan uşaq musiqi məktəblərinin, həmçinin rayon Mədəniyyət mərkəzinin xalq çalğı alətləri ansamblı ön cəbhədə xidmət edən əsgər və zabit heyəti qarşısında konsert proqramı ilə çıxış edib.
   Yevlax şəhər 1, 2 nömrəli uşaq musiqi, Malbinəsi, Aşağı Qarxun, Xaldan kənd, Aran qəsəbə uşaq musiqi məktəblərinin kollektivləri və şəhər Mədəniyyət mərkəzinin özfəaliyyət kollektivləri tərəfindən təqdim edilən rəngarəng ədəbi-bədii, musiqili proqram maraqla qarşılanıb. İdarənin Mingəçevir şəhər nümayəndəliyi də hərbi hissələrdə bayram konsertləri ilə çıxış edib. Sonda əsgərlərə bayram sovqatı təqdim olunub.